AZ

“RUSİYA AZƏRBAYCANA QARŞI “SOYUQ MÜHARİBƏYƏ” BAŞLAYIB...” - “Əsla geri çəkilmək olmaz”

“Rusiya Azərbaycana qarşı yeni siyasət hazırlayıb və bu, milli təhlükəsizliyimizə qarşı təhdid yaradır”

“Azərbaycan Rusiya təcavüzü ilə razılaşmaq yox, müqavimət göstərməyi seçib”

“Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yerləşdirilməsinən dair müzakirələrə başlamalıyıq”

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “AzPolitika”-ya müsahibəsində Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginliyin perspektivi, regionda cərəyan edən hadisələr, rəsmi Bakının yürütdüyü strategiya və s. mövzularla bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Hazırda Rusiya-Azərbaycan münasibətlərində gərginlik artır. Biz müstəqillik dövründə ikitərəfli münasibətlərdə dəfələrlə bu cür “qabarma-çəkilmələr” görümüşük. Bu dəfə necə ola bilər, nə gözləyirsiz?

- İlham Əliyevin prezidentliyi dövründə Rusiay ilə münasibətlərdə ilk dəfədir, belə ciddi gərginlik yaranıb. 1992-1993-cü illər aydındır, amma 1994-1995-ci ildə də neft müqavilələri imzalanan dövrdə Rusiya ilə ciddi gərginlik yaşandı. Hətta Birləşmiş Millətlər Təşkilatında Rusiyanın daimi nümayəndəsi bizi hərbi müdaxilə ilə hədələdi. Bu məsələ o vaxt Rusiya qəzetlərində yazılmışdı, rəsmi mənbələrdə Rusiya Silahlı Qüvvələrinin hərəkətə keçəcəyi barədə məlumat var idi. Xəzər dənizində bizim gəmilərin gediş-gəlişi belə bloklanmışdı. Bundan sonra ilk dəfədir ki, münasibətlərə bu dərəcədə ciddi gərginlik müşahidə olunur və həm də bunun maraqlı tərəfi pisləşmənin qəflətən baş veməsidir.

- Məlum təyyarə qəzasından sonra…

- Təyyarə qəzasına qədər Azərbaycan Prezidentinin Rusiya mətbuatına məlum açıqlamaları olmuşdu. Orada Rusiya ilə əlaqələr hətta Türkiyə ilə münasibətlər səviyyəsində təqdim olunmuşdu. Azərbaycanda, hətta Türkiyədə bir sıra şəxslərin, elə mənim özümün də şərhim olmuşdu ki, bu barədə bir qədər narahatlıq və anlaşılmazlıq var. Azərbaycan Prezidentinin yanvarın əvvəlində yerli jurnalistlərlə mətbuat konfransında bu məsələyə aydınlıq gətirildi. Türkiyə ilə münasibətlərin əlahiddə olması vurğulandı. O ki qaldı konkret olaraq bu təyyarə qəzasına, mən bu fikirlə razı deyiləm ki, guya bütün bu gərginliyin səbəbi yalnız təyyarə qəzası və Rusiya hakimiyyət orqanlarının üzr istəməməsi, kompensasiya verməməsidir. Fikrimcə, Azərbaycan tərəfinin təyyarə qəzasına və olaydan sonra Rusiyanın bu məsələyə münasibətinə qarşı haqlı, əsaslı mövqeyi var. Amma bu xəttin olduqca sərt, ardıcıl bir şəkildə davam etməsi ondan xəbər verir ki, əslində təyyarə qəzasından əvvəl artıq ictimaiyyətə məlum olmayan hansısa bir gərginliklər yaşanıbmış. Hansısa hadisələr, proseslər gedir ki, Azərbaycan tərəfinin bu şəkildə mövqe ifadəsinə ehtiyac yaranıb.

- Nə ola bilər?

- İki səbəbi ola bilər.Birincisi, Rusiyadakı hakim rejimin ətrafında hadisələr gözlənilir və Azərbaycan buna hazırlanaraq məsafəli davranır.İkincisi və daha əsaslı görünən isə odur ki, Rusiya Azərbaycana qarşı yeni bir siyasət hazırlayıb və bu, Azərbaycanın milli təhlükəsizliyinə, dövlətinə və hakimiyyətinə qarşı təhdid yaradır. Azərbaycan ona müqavimət göstərir, razılaşmır. 

2025-ci il Rusiyada imperiyanın bərpa ili kimi qəbul olunur. Bunu Rusiyanın yeni istiqamətdə hərəkətləri və yeni strategiyanı həyata keçirməyə başlaması kimi qəbul edənlər var. Bu, hansısa ayrı-ayrı şəxslərin fikri deyil, bu, həm də Vladimir Putinin dilindən səsləndirilmiş fikirdir. Hamımız bilirik ki, o, SSRİ-nin dağılmasını keçən əsrin ən böyük geopolitik fəlakəti adlandırıb. 

İkincisi, Ukrayna istiqamətində gözlənilən odur ki, bu müharibə durdurulsun. Ukraynada müharibə dondurularsa, davamında Rusiya Cənubi Qafqaza yönələ bilər. Burada söhbət ilk növbədə Azərbaycandan gedir. Məncə, Azərbaycan rəhbərliyində də bu məsələlər barədə təsəvvür var.

Nəhayət, İranla Rusiya arasında bir yaxınlaşma prosesi gedir. Yanvarın 17-də hərtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqavilədə bizə məlum olmayan məsələlər arasında regionun bölüşdürülməsi istiqamətində hansısa razılaşmaların əldə olunduğunu istisna etmirəm. Trampın açıqlamalarından sonra bu, yenidən aktuallaşa bilər. Tramp nə deyirdi? “Qrelandiya mənimdir”. Bu, Helsinki sazişindən sonra yaranmış dünya təhlükəsizlik sisteminin dağıdılması deməkdir. Gücü çatan ölkələr öz ətrafında ora-bura baxır və yeni ərazilər tutmağa çalışır. Artıq bu kimi məsələlərin gündəmə gəlməsinə təbii baxmaq lazımdır.

Diqqət etsək, son dövrdə Şimal-Cənub dəhlizi deyilən bir xətt var, Rusiya ilə İran sanksiyaları aradan qaldırmaq üçün bu geopolitik xəttə nəzarəti hədəfləyir. Burada Azərbaycan da mühüm yer tutur. Bu baxımdan Cənubi Qafqazda gərginlik olmaması üçün ən asan yollardan biri nədir? Bu gərginliyi yaradacaq subyektləri aradan götürmək. Yəni, yaranmış yeni müstəqil dövlətləri “aradan qaldırırsan”. Məncə, artıq Şimal-Cənubla bağlı razılaşma əldə olunub, Rusiya ilə İran arasında maneələr aradan götürülüb. Təbii ki, iki ölkə arasında ənənəvi tarixi rəqabət var, bu, aydındır. Amma digər xarici təhdidlər qarşısında əməkdaşlıq ola bilər.

Təyyarə qəzası öz yerində, amma “Rus evi”-nin bağlanması tam fərqli hadisələrdən xəbər verir. “Rus evi”-ni casus şəbəkəsi ilə əlaqələndirirlər. Casus şəbəkəsi nədir? Ölkədə təxribat yaratmaq, rejimi dəyişdirmək, müharibə və s. təxribatlara hazırlaşmaq. Şimal sərhədində baş verən hadisələri, cənubda müəyyən təxribatların hazırlanması barədə yayılan informasiyaları da bura aid edə bilərik. İran və Rusiyanın birgə hərəkət etməsi gözlənilən haldır.

Bu, elə bir həyati məsələdir ki, hansısa siyasi hesablaşmaları bir kənara qoyub birmənalı şəkildə mövqe ifadə etməyin tərəfdarıyam. Çünki qarşımızdakı Rusiyadır. Bu ölkə bizim dövlətimizin mövcudluğuna təhdid yaradan gücdür. Üstəlik, son günlər təhdid və təhqir dili ilə danışmağa başlayıblar. Azərbaycana qarşı iqtisadi sanksiyalar, kənd təsərrüfatı məhsullarının ixracının dayandırılması üçün qərar qəbul edilə bilər.

- Belə bir qərar var?

- Müzakirələr gedir. Nəyahət, Rusiyada yaşayan iki milyona yaxın soydaşımız. Onların geriyə qaytarılmasına başlanılıb. Bu baxımdan mən burada sərt mövqe tərəfdarıyam. Bizim təhlükəsizliyimiz, mövcudluğumuza təhlükə yaradan nüanslar var. Azərbaycan hökumətinin təyyarə qəzası barədə və ondan sonrakı dövrdəki açıqlamalarını adekvat hesab edirəm. Bunun davamı da olmalıdır. Şübhəsiz ki, bir tərəfdən xarici təhdidə qarşı səfərbər olmalıyıq. Digər tərəfdən, daxildə sosial ədalətə, üstəgəl ciddi siyasi islahatların, dəyişikliklərin aparılması vacibdir. Belə bir strategiya yürütsək, bu təhdidin qarşısında dayana bilərik. Rusiya və İran təkbətək məsələlərdə Azərbaycanla qeyri-bərabər gücə sahib ölkələrdir. Ona görə də başqa amillər də nəzərə alınmalıdır…

- Amma Azərbaycanın strateji müttəfiqi olan Türkiyə də var…

- Bəli, Türkiyə ilə münasibətlər, müttəfiqlik anlaşmaları, müqavilə ilə tənzimlənən məsələlər, Türk Dövlətləri Birliyi var. Düşünürəm ki, Azərbaycanla Türkiyə arasında münasibətlər yeni mərhələyə qalxmalıdır. Şuşa bəyanatından daha ciddi, sərt təhlükəsizlik məsələlərini tənzimləyən yeni bir müqaviləyə ehtiyac var. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yerləşdirilməsinin ən azı müzakirəsinə başlamalıyıq. Bu, Rusiya və İrana yaxşı cavab olardı. Türk Dövlətləri Birliyinin təhlükəsizlik məkanına çevrilməsi və bunun ifadə olunmasına ehtiyac var. Yeri gəlmişkən, hesab edirəm ki, indiki məqamda hansısa bir formada Azərbaycana qarşı bu cür təhdidlərə Türkiyə tərəfindən rəsmi səviyyədə münasibət bildirilməlidir. Vətəndaş olaraq Azərbaycan və Türkiyənin bir qədər də yaxın olmasının tərəfdarıyam. Türkiyənin Rusiya təhdidi qarşısında hansısa məqbul bir formada münasibəti olmalıdır. Hesab edirəm ki, bu münasibət Türkiyə Cümhuriyyəti Prezidentinin Azərbaycana səfərinə qədər və yaxud elə bu səfərdə ifadə olunacaq. Hə, o dövrə qədər müəyyən proseslər də baş verə bilər.

Seçilən
3
1
azpolitika.info

2Mənbələr