Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində vergi xidmətinin böyük rolu var.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forumda bildirib.
"Qarşımızda duran vəzifələr arasında iqtisadi inkişaf vəzifəsinin rolu artır. Bu vəzifənin icrasında funksional vergi sisteminin böyük əhəmiyyəti var", - deyə o qeyd edib.
Bundan başqa, nazirin sözlərinə görə, iqtisadi siyasətdə şaxələndirmə mühüm yer tutur: "Qlobal çağırışlar və regional reallıqlar bu prosesi sürətləndirməyi diktə edir. Uğurlu diversifikasiya investisiya, bilik və bacarıqların çevik inteqrasiyasını tələb edir. Son dövrlərdə bilik, texnologiya və təcrübələrin transformasiyası sahəsində fəaliyyətimizi genişləndirmişik".