AZ

Azərbaycana səfər edən Rusiya vətəndaşları üçün elektron kalkulyator istifadəyə verilib

Bakı,13 fevral, AZƏRTAC

Məlum olduğu kimi, 2025-ci il yanvarın 1-dən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilib. Qanunvericiliyin tələblərinə əməl edilməsinin, eyni zamanda, Rusiya Federasiyası vətəndaşlarının ölkəyə səfərlərinin planlaşdırılmasında rahatlığın təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən bir təqvim ili ərzində ölkədə istifadə edilməmiş müvəqqəti olma müddətinin hesablanması üçün Xidmətin rəsmi internet informasiya ehtiyatında “Müvəqqəti olma müddətini yoxla” adlı elektron kalkulyator istifadəyə verilib.

Bu barədə AZƏRTAC-a Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təqdim edilən elektron yenilik vasitəsilə Azərbaycana viza tələb olunmayan qaydada səfər edən Rusiya Federasiyası vətəndaşları cari təqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqəti olma müddətlərini onlayn qaydada yoxlaya biləcəklər.

Bunun üçün Xidmətin rəsmi internet informasiya ehtiyatında “Müvəqqəti olma müddətini yoxla” bölməsinə keçid edilərək açılan pəncərədə ad, soyad və doğum tarixi barədə məlumatları əlavə etmək tələb edilir. Sorğu göndərildikdən sonra cari təqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqəti olma müddətinin günlərinin sayı real vaxt rejimində istifadəçilərə təqdim olunur.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, ınstagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] e-maili vasitəsilə müraciət edə bilərsiniz.

(“Müvəqqəti olma müddətini yoxla” bölməsi ilə linkdə tanış ola bilərsiniz)

Seçilən
7
18
azertag.az

10Mənbələr