Azərbaycanın böyük şəhərlərində bəzi prospekt, küçə, meydan, ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək. Bu, 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etmiş Prezident İlham Əliyevin təsdiqlədiyi tədbirlər planında əksini tapıb.
Yeni adlar seçilərkən tarixi və mədəni dəyərlər necə nəzərə alınmalıdır? Bu prosesdə hansı tarixi şəxsiyyətlər və ya hadisələr ön plana çıxarıla bilər?
Mövzu ilə bağlı Medianews.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, əslində Azərbaycanda bu siyasət uzun illərdir uğurla davam edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü siyasətin kökündə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya dayanır: “Ulu Öndər həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın tarixi şəxsiyyətlərinə, mədəniyyətinə, tarixinə daima böyük dəyər verib. Bu dəyər indi də qorunur. Bakıda tarixi şəxsiyyətlərin adı verilmiş neçə-neçə prospekt, küçə var. Bu gün Nizaminin, Koroğlunun, başqa tarixi şəxsiyyətlərin adına küçələr, metro stansiyaları var, abidələr var. Heç şübhəsiz ki, bu təcrübə davam etdiriləcək. Azərbaycan tarixində, ictimai-siyasi həyatında mühüm rol oynamış şəxsiyyətlərin adları öndə duracaq. Biz tarixi ənənələrimizi, mədəniyyətimizi qorumaq üçün məhz bu siyasəti davam etdirməliyik”.
Deputat, tarix elmləri doktoru, professor Anar İsgəndərov Medianews.az-a deyib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən on illər boyu müharibə vəziyyətində yaşayıb: “Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi, daha sonra 2023-cü ildə antiterror əməliyyatı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, düşməni darmadağın etdi. Bütün bu uğurlar böyük qəhrəmanlıqlar, fədakarlıqlar hesabına başa gəlib. Sovet dövründən bəri adı dəyişdirilməyən küçələr, metro stansiyaları var, eyni zamanda yeni stansiyalar tikilir. Bu baxımdan Vətən qarşısında xidməti olan, Vətən uğrunda canından keçən insanların adlarını əbədiləşdirmək üçün yeni imkanlar yaranıb. Prezidentin sərəncamı tarixi sərəncamdır, çünki həmin imkanları reallaşdırmağa yol açır. Bu sərəncam Azərbaycan xalqının maraqlarına, suverenliyimizin möhkəmlənməsinə xidmət edir. Mən bu sərəncamı həm də şəhidlərimizin ruhuna böyük hörmətin növbəti təcəssümü kimi qiymətləndirirəm. Çünki sərəncamın icrası şəhid ailələrinə daha bir təsəlli olacaq”.
Nailə Qasımova,
Medianews.az