ABŞ-ın keçmiş xüsusi təyinatlı əsgərlərinin Suriyanın şimalında YPG terrorçularına pilotsuz uçuş aparatı (PUA) təlimi verdiyi ortaya çıxıb. Digər tərəfdən, ABŞ İsrail ilə Fələstin arasındakı atəşkəs razılaşmaları çərçivəsində bölgəyə iki Amerika özəl hərbi şirkətinin personalını da yerləşdirib.
Publika.az xəbər verir ki, bu barədə qlobal kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış “Intelligence Online” nəşri yazıb.
Məlumata görə, ABŞ ordusunun xüsusi əməliyyat bölmələrindən biri olan “Yaşıl berelilər”in keçmiş üzvləri PKK/YPG terrorçularına təlim keçmək üçün Suriyanın şimalına gəlib.
Qeyd olunub ki, bir aydan artıqdır davam edən təlim çərçivəsində pilotsuz təyyarələrin hazırlanması da öyrədilir.
Digər tərəfdən, ABŞ-ın “Responsible Statecraft” (RS) şirkətinin təhlil məqaləsinə görə, Amerikanın özəl hərbi şirkətlərinə bağlı çox sayda silahlı personal Qəzzada xidmət etməyə başlayıb.
ABŞ-ın bölgədəki “qeyri-rəsmi ordusu” olan muzdlular bölgədə “dövrə marşrutu”ndan istifadə edərək fəaliyyət göstərirlər. Muzdluların digər vəzifəsi geri qayıdan fələstinlilərin Qəzzaya silah gətirməməsini təmin etməkdir.
Qeydlərə görə, ABŞ-ın iki hərbi şirkəti, “Safe Reach Solutions” (SRS) və “UG Solutions”-un əməkdaşları Qəzzada xidmət edir. Lakin ABŞ-da heç bir rəsmi təşkilat muzdluların bölgədə olmasını təsdiqləmir.
Təhlükəsizlik ekspertlərinin fikrincə, muzdluların Qəzzada mövcudluğu ordunun rəsmi komandanlıq zəncirindən kənardadır. Muzdlular Qəzzada rəsmi hərbi personal kimi olmadığı üçün onların müdaxilə səlahiyyətləri də qaydalardan kənara çıxacaq.