AZ

Yalnız bu halda repetitorluğun ləğvi mümkün OLACAQ

"Repetitorluq fəaliyyəti qanunsuz deyil. Bu, fərdi sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilir. Müəllim, fərdi sahibkar kimi qeydiyyatdan keçərək dövlətə vergisini ödəyirsə, burada hər hansı qanunsuzluqdan söhbət gedə bilməz. Üstəlik, repetitorluqla yalnız fənn müəllimləri deyil, digər şəxslər də məşğul ola bilərlər".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.

 

Ekspert qeyd edib ki, müəllim ona verilən maaşla razılaşıbsa və öhdəlik götürübse, dərsini sinifdə tam şəkildə keçməli, işini vicdanla yerinə yetirməlidir:


“Cənab nazirin vurğulamaq istədiyi əsas mövzu ondan ibarətdir ki, əgər müəllim məktəbdə öz şagirdlərinə dərs keçməyib, onları fərdi hazırlığa cəlb edərək əlavə maaş tələb edirsə, bu, ciddi qanunsuzluqdur. Dövlət müəllimə maaş ödəyir ki, o, məktəbdə şagirdlərə keyfiyyətli təhsil versin. Maaşın kifayət edib-etməməsi başqa bir məsələdir. Müəllim bu maaşa razılaşıbsa və öhdəlik götürübse, dərsini sinifdə tam şəkildə keçməli və işini vicdanla yerinə yetirməlidir. Əgər təhsilverən sinifdə mövzunu şagirdlərə düzgün çatdıra bilmirsə, məktəb rəhbərliyi ilə danışaraq əlavə dərs saatları təyin edə bilər. Lakin öz şagirdlərinə repetitor kimi fərdi dərs keçib əlavə ödəniş tələb etmək doğru deyil".

 

Bəzi məktəb direktorlarının dərsdən sonra sinif otaqlarını müəllimlərə müəyyən məbləğ qarşılığında icarəyə verdiklərini və valideynləri məcbur etdiklərini qeyd edən ekspert bu təcrübəni ciddi qanun pozuntusu olaraq qiymətləndirib:


“Belə hallara yol verilməməlidir. Müəllim öz şagirdlərinə fərdi dərs keçməməlidir. Bununla yanaşı, müəllimin məktəbdən kənarda, evində və ya digər hazırlıq kurslarında başqa şagirdlərə qanuni şəkildə dərs keçməsinin heç bir problem yaratmır. Bu, tamamilə qanunidir".

 

Ekspert, mövcud təhsil sistemini nəzərə alaraq, repetitorluğun ləğv edilməsinin universitetə hazırlaşan yuxarı sinif şagirdləri üçün ciddi çətinliklər yarada biləcəyini bildirib:


“Universitetə hazırlıq prosesində repetitorların rolu danılmazdır. Əgər təhsil sistemi təkmilləşdirilərsə və yuxarı siniflərdə dərs proqramları universitetə hazırlıq istiqamətində uyğunlaşdırılarsa, o zaman repetitorluğun ləğvi mümkün ola bilər. Lakin indiki şəraitdə bu addımı atmaq real deyil".

Seçilən
2
1
azedu.az

2Mənbələr