![ABŞ-da](/uploads/posts/2025-02/toy-y.webp)
ABŞ-da yumurtanın qiyməti rekord həddə çatıb. Son aylarda ölkədə quşçuluq təsərrüfatlarını sarsıdan “quş qripi” epidemiyası səbəbindən milyonlarla toyuğu məhv ediblər.
Reyting.az-ın məlumatına görə, topdansatış bazarında 10 yumurtanın qiyməti bu həftə 8 dolları keçib ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur.
“Valmart” və “Kroger” kimi böyük ərzaq şəbəkələri bəzi mağazalarında yumurta satışını məhdudlaşdırıb.
ABŞ-nın cənub və orta qərbində məşhur olan “Vaffle House” şəbəkəsi yumurta üçün əlavə 50 sent ödəməyə başlayıb.
Yanvar ayında istehlak qiymətləri indeksi illik bazda 3 faiz, yumurta qiymətləri isə 50 faizdən çox artıb. Kənd Təsərrüfatı Departamenti bu il orta ABŞ vətəndaşının təxminən 270 yumurta istehlak edəcəyini təxmin edir.
Yumurta qiymətləri ABŞ-da inflyasiyanın maddi göstəricisinə və siyasi müzakirələrin mərkəzinə çevrilib.
Xatırladaq ki, keçən il vitse-prezidentliyə namizəd J.D.Vens kampaniya zamanı supermarketdə yumurta növbəsinə dayanaraq prezidentliyə namizəd Kamala Harrisin iqtisadi siyasətini tənqid etmişdi. Yanvarda isə iri A sinfi yumurtanın orta qiyməti 4,95 dollara qalxıb.
Son dörd ayda təqribən 46 milyon yumurta verən toyuq məhv edilib. Bu, ABŞ-nın 304 milyonluq toyuq sayının 15 faizini təşkil edir.
Mütəxəssislər bildirirlər ki, son illərdə dalğalar şəklində yayılan “quş qripi” epidemiyaları ən ağır mərhələsinə çatıb və heç bir səngimə əlaməti yoxdur.
V. QULİYEV