Qəbələ, 13 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 6947 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 3920 nəfəri və ya 56,4 faizi Azərbaycan, 3027 nəfəri və ya 43,6 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvarda Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1278 nəfər və ya 22,5 faiz artıb. Cari ilin yanvarında yerli turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 617 nəfər və ya 18,7 faiz, əcnəbi turistlərin sayında isə 661 nəfər və ya 65,7 faiz artım qeydə alınıb.
İdarədən verilən məlumata görə, bu ilin yanvarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, ilin birinci ayında bu ölkənin 1249 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, cari ilin yanvarında Qəbələyə Birləşmiş Ərəb Əmirliklərindən 458, Səudiyyə Ərəbistanından 370, Pakistandan 260, Küveytdən 171, Qətərdən 63, Türkiyədən 52, Omandan 50, Gürcüstandan 44, İsraildən 24 turist səfər edib. Gələnlərin 286 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Yanvarda Qəbələ rayonu ərazisində yerləşən 20 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 135,6 manat təşkil edib. Turistlərin qonaqlama müddəti 1-2 gün olub.