AZ

Azərbaycan Afrika ölkələri ilə əlaqələrini gücləndirir - RƏY

Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin yürütdüyü uğurlu, müstəqil və prinsipial xarici siyasət kursu nəticəsində dövlətimizin qlobal miqyasda nüfuzu davamlı olaraq artır və Azərbaycanın Afrika qitəsi ölkələriylə də əməkdaşlığı genişlənməkdədir.

Ölkəmizin “Qoşulmama Hərəkatı”na sədirlik etdiyi dönəmdə də hərəkata üzv olan qitə dövlətləri ilə münasibətlər daha da genişlənmiş və ölkəmiz bir növ Qlobal Şimalla, Qlobal Cənub arasında körpü rolu oynamışdır. Bununla yanaşı hərəkatın sədri qismində ölkəmiz Afrika qitəsinin az inkişaf etmiş ölkələrinə və kiçik ada dövlətlərinə də davamlı dəstək nümayiş etdirmiş və etdirməkdədir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Milli Məclisin deputatı Zaur Şükürov bildirib.

“Cənab prezident keçən il Bakıda keçirilən COP29 çərçivəsində noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxışı zamanı bu məsələ ilə bağlı dəyərli fikirlərini səsləndirmişdir. Hazırda Afrika dövlətləri ilə energetika, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, turizm, təhsil, dövlət xidmətlərinin vahid pəncərə modeli kimi layihələr üzrə əməkdaşlıq etdirilməsində qarşılıqlı maraq mövcuddur və ikitərəfli təmaslar zamanı bu kimi məsələlər diqqətdə saxlanılır”.

Deputat qeyd edib ki, Azərbaycan-Somali diplomatik əlaqələri 2004-cü ildə qurulmuş və həmin dövrdən etibarən həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar, o cümlədən üzv olduğumuz İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində münasibətlərimiz ardıcıl olaraq inkişaf etmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, torpaqlarımız erməni işğalı altında olduğu dönəmdə də Somali ölkəmizə dəstək nümayiş etdirmişdir və bu vacib faktlardan biridir.

Deputat Zaur Şükürov bildirib ki, Somali prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfər etməsi sözsüz ki, əlaqələrimizin inkişafında yeni səhifə açacaq və səfər çərçivəsində baş tutan yüksək səviyyəli faydalı müzakirələr və imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafına mühüm töhfələr verəcək.

"Dünyanın inkişaf etmiş iri dövlətləri Afrika qitəsi ilə əməkdaşlığın geniş imkanlarından yararlanmaq üçün daimi olaraq fəallıq nümayiş etdirmişlər. Lakin Fransa kimi bəzi Avropa dövlətlərinin utanc doğuran müstəmləkəçilik siyasəti nəticəsində bu kimi dövlətlərə inam sarsılmışdır. Bu baxımdan Azərbaycanla bağlı dünyada formalaşmış etibarlı tərəfdaş imici bu qitə ilə münasibətlərimizin inkişafına mühüm töhfə verir. İstər ikitərəfli, istərsə də çoxtərəfli formatda əlaqələrin gələcəkdə daha da inkişafı istiqamətində lazımlı addımlar atılacaqdır", - deyə deputat sonlandırıb.

Aminə Nəzərova

Seçilən
19
operativmm.az

1Mənbələr