AZ

Deputat: “Azərbaycan-Somali münasibətləri uğurla inkişaf edir”

“Azərbaycan və Somali Federativ Respublikası arasında olan diplomatik münasibətlər uğurla inkişaf edir”.

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Prezident Hasan Şeyx Mahmudun ölkəmizə rəsmi səfər etməsi bunun bariz nümunəsidir:

“Rəsmi Bakı və Moqadişo arasında ikitərəfli əlaqələr müxtəlif sahələrdə, o cümlədən iqtisadi, siyasi, təhlükəsizlik və mədəniyyət sahələrində dinamik inkişafdadır.

Liderlərin görüşündə Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər münasibətlərin gələcək inkişaf perspektivləri ilə bağlı aydın fikir formalaşdırır”.

Millət vəkili qeyd edib ki, ölkəmiz bu vaxta qədər Somalidə müxtəlif humanitar yardım layihələri həyata keçirib:

“Eyni zamanda, beynəlxalq platformalarda Somali ilə bağlı olan bütün məsələlərdə dəstək nümayiş etdirmişik. Hazırda münasibətləri daha da inkişaf etdirmək, iqtisadi əməkdaşlıq, ticarət razılaşmaları və hərbi-texniki sahələrdə geniş imkanlar mövcuddur”.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun döyüş təcrübəsi və hərbi sənaye kompleksinin istehsal etdiyi silah-sursat terrorizmdən əziyyət çəkən Somali üçün olduqca vacibdir:

“Hesab edirəm ki, bu istiqamətdə zəruri olan bütün işlər görüləcək və Ordumuzun döyüş təcrübəsi Somali ordusunun formalaşdırılmasında əsas meyyarlardan biri olacaq. Liderlərin mətbuata birgə bəyanatında bu məsələni xüsusi olaraq qeyd etməsi də təsadüfi deyil”.

Seçilən
5
cebheinfo.az

1Mənbələr