Bakı, 13 fevral, Xatirə Cəfərova, AZƏRTAC
Dünyada olan problemlərin həllində elm-tədqiqatların böyük rolu var. Xüsusilə, iqlim dəyişiklikləri, xəstəliklərin müalicəsi və digər bu kimi qlobal problemlərin həlli vacib məsələlərdəndir. Bu məqsədlə də elmi-tədqiqata başladım.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 2025-ci il Gənclər üçün Prezident mükafatına layiq görülən Rüstəm Əzimov deyib.
Müsahibimiz Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışır. O, 22 elmi əsərin müəllifidir; bunlardan 2-si “Web of Science” ESCI, 6-sı “Scopus” və 6-sı RSCI verilənlər bazasına daxil edilib. Təcrübə proqramları, kurslar və konfranslar üzrə ümumilikdə 25 sertifikat alıb və institutun fəxri fərmanı ilə təltif olunub. Həmçinin QSS “Analytics” şirkətində “peşəkar data analitikası” təcrübə proqramında iştirak edərək “Əla təcrübəçi” adına layiq görülüb. Ümumilikdə 10-dan çox yerli və beynəlxalq elmi konfransda məruzə edib və 3-də fərqləndirici sertifikatlar əldə edib.
R.Əzimov elmi fəaliyyətində AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin rolunu vurğulayaraq deyib: “Mənim nailiyyətlərimdə elmi rəhbərim K.Ayda-zadənin xidmətləri böyükdür. Onun 50 illik təcrübəsini çox qısa bir müddətə mənə ötürməsi həm alim, həm də müəllim kimi yüksək keyfiyyətlərini göstərir”.
Gənc alim Azərbaycan dilinin çap-əlyazma hərflərinin tanınması nümunəsində şəkillərin tanınması və Azərbaycan dilindəki mətnlərin müəlliflərin tanınması istiqamətində tədqiqat işi aparıb. Bununla yanaşı, müxtəlif mətn əlaməti növlərini müqayisəli təhlil edib: “Dörd ildən artıqdır ki, İdarəetmə Sistemləri İnstitutunda elmi-tədqiqatla məşğulam. Bu illər mənim üçün çox məhsuldar keçib. Elmi-tədqiqat nəticələrimdən istifadə edərək magistratura və doktorantura təhsilimi başa vurmuşam və “Texnika üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya işimi müdafiə etmişəm. Hazırda dissertasiya işim Ali Attestasiya Komissiyasındadır”.
Həmsöhbətimiz hazırda kompüter elmləri və süni intellektin bəzi tətbiqləri ilə bağlı tədqiqatlar aparır: “Universitetdə 3-cü kursda oxuyanda uşaqlıq dostum-qohumum xərçəng xəstəliyinə tutuldu. Bu xəbər məni çox sarsıtdı. Düşündüm ki, belə ağır xəstəliklərin qarşısını yalnız elmi nəticələr ala bilər. Bu səbəbdən elm sahəsinə gəlməyə qərar verdim”.
R. Əzimov elmə gəlişində ailəsinin dəstəyinin xüsusi rol oynadığını vurğulayıb: “Mənim elmə gəlişimdə ailəmin, xüsusilə atamın dəstəyi çox böyükdür. Atam birinci Qarabağ müharibəsi veteranıdır və 4 il 8 ay cəbhə xəttində olub”.
İdarəetmə Sistemləri İnstitutunda işləmək R.Əzimov üçün böyük bir təcrübə olub: “Bu 4 il ərzində institutunda mənə böyük dəstək verilib. Prezident mükafatına layiq görülməyimimin ən sevindirici məqamlarından biri də odur ki, mən instituta borcumu qismən ödəyə bildim və bu uğuru İdarəetmə Sistemləri İnstitutunun kollektivi ilə bölüşürəm”.
Gələcəkdə tədqiqatlarını davam etdirməyi planlaşdıran gənc alim süni intellektin molekulyar biologiya kimi yüksək etibarlılıq tələb edən sahələrdə tətbiqi ilə maraqlandığını qeyd edib: “Süni intellekt metodologiyası və riyazi tədqiqatlarla məşğul olmağı planlaşdırıram”.
Gənc alim elmi araşdırmalar apararkən qarşılaşdığı bəzi problemlərə də diqqət çəkib: “Elmi-tədqiqatların qarşısında duran ən böyük maneələrdən biri məqalələrin ödənişli platformalarda olmasıdır. Bu, təkcə bizim ölkədə deyil, dünya üzrə geniş yayılmış bir problemdir. İstənilən elmi-tədqiqat prosesində başqa mənbələr, araşdırmalar da nəzərdən keçirilir. Bəzən olur ki, günə 30 məqalə oxumalı oluruq. Tədqiqatçıların və elmi işlə məşğul olanların ödənişli platformalardan məqalə əldə etmələri çətinləşir və bu, elmi irəliləyişi ləngidə bilər. Bir çox akademik jurnal və nəşriyyatlar açıq əlçatanlıq prinsiplərinə uyğun olaraq məqalələrini pulsuz təqdim edir. Lakin bu yanaşma bütün sahələrdə və məqalələrdə geniş yayılmayıb. Əgər bu məsələlər üzrə daha çox təşəbbüs olsa və elmi məqalələrə çıxış imkanları daha çox artırılsa, tədqiqatların keyfiyyəti və sürəti müsbət şəkildə inkişaf edərdi. Bu yalnız bir institut və ya ölkə üçün deyil, ümumilikdə elmi icmanın qarşısında duran qlobal bir problemdir”.
Rüstəm Əzimov, elmdə uğur qazanmaq üçün gənclərin tədqiqatlara yönəldilməsinin vacibliyini vurğulayıb: “Prezident mükafatını qazanmaq mənim üçün qürurdur. Bu mükafat gəncləri daha böyük həvəslə elmi araşdırmalar aparmağa təşviq edir. Elm əməkdaşlıq tələb edir. Bu gün sahələr çox spesifikdir və artıq təkbaşına ixtira etmək mümkün deyil. Tədqiqatçılar birlikdə işləməlidir. Gənclər elmi sferada doğru metodika ilə çalışmalıdır. Elmdə yüzillik ənənələr var və onlardan istifadə etmək çox vacibdir”.
Müsahibimiz İdarəetmə Sistemləri İnstitutu ilə yanaşı, Dövlət İmtahan Mərkəzinin də əməkdaşıdır. O, Dövlət İmtahan Mərkəzinin keçirdiyi kütləvi imtahanlarda nəticələrin emalı zamanı tətbiq olunan cavab kartları və vərəqələrində işarələrlə qeyd olunmuş cavabları tanıyan kompüter sisteminin istifadəsi və təkmilləşdirilməsində fəal iştirak edir.