AZ

Ermənistanı tələblərini pozduğuna görə məhkəməyə verdyimiz Bern Konvensiyası - "Pragma" İctimai Birliyinin arayışı

12 fevral 2025-ci il tarixində Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya ("Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

İddia sənədində Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb.

Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə və dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib. Ermənistanın hərəkətlərinin bölgədəki canlı təbiətə və növlərinə dönməz şəkildə ciddi ziyan vurduğu müəyyənləşdirilib.

Bəs, “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya nədir?

"Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi qeyd edir ki, sözü gedəb "Bern Konvensiyası" Avropada canlı təbiətin və təbii mühitin qorunması məqsədilə qəbul edilmiş beynəlxalq bir müqavilədir. 1979-cu ildə İsveçrənin Bern şəhərində imzalanmış və 1982-ci ildə qüvvəyə minmiş bu konvensiya flora və faunanın, xüsusilə də təhlükədə olan növlərin və onların yaşayış mühitlərinin qorunmasını təmin etməyə yönəlmişdir.

Bern Konvensiyası bir neçə əsas məqsədi hədəfləyir:

- Biomüxtəlifliyin qorunması: Avropada təhlükə altında olan və ya nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunması.

- Yaşayış mühitlərinin mühafizəsi: Təbiətin əsas elementlərinin – meşələrin, bataqlıqların, çayların və digər ekosistemlərin qorunması.

- Beynəlxalq əməkdaşlıq: Təbiətin qorunması üçün dövlətlərarası əməkdaşlıq mexanizmlərinin yaradılması.

Azərbaycan Konvensiyaya 28 oktyabr 1999-cu ildə qoşulub. Konvensiya iştirakçı dövlətlər üçün bir sıra öhdəliklər müəyyən edir:

- Təhlükə altında olan növlərin qorunması: Qırmızı Kitaba daxil edilmiş növlərin ovlanması və ticarətini qadağan etmək.

- Yaşayış mühitlərinin qorunması: Flora və fauna növlərinin təbii mühitlərini məhv edəcək layihələrdən çəkinmək.

- Xüsusi qorunan ərazilərin yaradılması: Biomüxtəlifliyi qorumaq üçün milli parkların və qoruqların təsis edilməsi.

- Beynəlxalq əməkdaşlıq: Fərqli ölkələrdəki mütəxəssislərin və təşkilatların birgə çalışması ilə konvensiya məqsədlərinə nail olmaq.

Bern Konvensiyası biomüxtəlifliyin qorunması üçün vacib bir platforma olaraq qəbul edilir. Xüsusilə, qlobal istiləşmə, urbanizasiya və insan fəaliyyətlərinin yaratdığı təhdidlər fonunda bu konvensiya növlərin və yaşayış mühitlərinin qorunmasında əvəzsiz rol oynayır. Avropa ölkələrindən əlavə, bəzi Afrika ölkələrinin də konvensiyaya qoşulması onun qlobal əhəmiyyətini artırır.

Buna baxmayaraq, Bern Konvensiyası müəyyən problemlərlə üzləşir:

- Maliyyə resurslarının çatışmazlığı: Təbiəti qorumaq üçün kifayət qədər maliyyə dəstəyi olmaması.

- Qanunvericilikdə boşluqlar: Bəzi ölkələrin milli qanunvericiliyinin konvensiya öhdəliklərinə tam uyğun olmaması.

- Təbii mühitə təzyiqlər: Urbanizasiya və sənayeləşmənin təbii ekosistemlərə davamlı təzyiqi.

Bütün hallarda, Bern Konvensiyası biomüxtəlifliyin qorunması sahəsində qlobal səylərin mühüm hissəsidir. Onun tələblərinin effektiv icrası üçün milli hökumətlər, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar arasında daha sıx əməkdaşlıq vacibdir. Təbiətin qorunması yalnız yerli və milli səviyyədə deyil, həm də beynəlxalq miqyasda davamlı fəaliyyət tələb edir. Bu baxımdan, Bern Konvensiyası gələcək nəsillərə sağlam ekosistemlər ötürmək üçün bir vasitədir.

Azərbaycanın Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinə müraciət edərək Ermənistanın 1979-cu il tarixli Bern Konvensiyasını pozduğu ilə bağlı iddia qaldırması rəsmi Bakının ətraf mühitin qorunması sahəsində Ermənistanın hərəkətlərinə qarşı beynəlxalq hüquq çərçivəsində atdığı mühüm addımlardan biridir.

Seçilən
29
aznews.az

1Mənbələr