AZ

Bölgələrə “böyük futbol”un qayıtması haqqında nağıl - KÖŞƏ

AFFA İcraiyyə Komitəsinin son iclasının ardından məlum oldu ki, gələn mövsümdən premyer-liqada iştirakçı sayı artırılacaq.

Yeni mövsümdən futbolumuzun elitasında 12 komandanın mübarizəsini izləyəcəyik. İndi hamı ümidini ona bağlayıb ki, premyer-liqada 12 komanda mübarizə aparandan, bölgə təmsilçilərinin sayı artandan sonra Azərbaycan futbolu inkişaf etməyə başlayacaq. Guya bununla da bölgədə insanların futbola marağı artacaq, valideynlər kütləvi şəkildə övladlarını futbola yazdıracaqlar, onların arasından yeni istedadlar çıxacaq. “Ehtimal nəzəriyyəsi”nə uyğun hesablama aparsaq, bu fikirdə müəyyən mənada həqiqət var. Amma ki...

Amması odu ki, Naxçıvan təmsilçisi “Araz Naxçıvan” artıq ikinci mövsümdü doğma meydanına qayıtmaq istəmir. Hamı ona vərdiş edib ki, “Araz Naxçıvan”nın “evi” Mərdəkandı. Yaxud da “Turan Tovuz” doğma rayona ancaq ev oyunlarından bir gün əvvəl yollanır. Qalan vaxt komanda Bakıda məskunlaşır, məşqlərini də paytaxtda keçir. Klub rəhbərliyi xərcləri azaltmaq, yersiz icarə pullarından xilas olmaq üçün paytaxtın qəsəbələrinin birində yeni baza da tikir. “Turan Tovuz” Kürdəxanıda məskunlaşacaq, məşq edəcək. Adı da o olacaq ki, premyer-liqada Tovuzun komandası oynayır. Eynilə “Araz Naxçıvan” kimi.  Elə “Qəbələ” də premyer-liqada mübarizə apardığı sonuncu mövsümlərdə belə qrafiklə hərəkət edirdi.

Mən böyük zəhmət və xərc bahasına varlığını qoruyan klubların üzləşdiyi çətinliyi də başa düşürəm. Əcnəbi futbolçuları da, imkanlı yerliləri də daim rayonda saxlamaq çox çətindi. Sizin də yadınızda olar. Yaxın keçmişdə İmişlinin “MKT Araz”ının və elə haqqında bəhs etdiyimiz “Turan”ın əcnəbilərinin içkiyə qurşanması, sərxoş halda küçələri dolaşması, qəbiristanlıqda gecələməsi haqda əhvəlatları tez-tez eşidirdik. Çünki gur həyata öyrəşmiş, asudə vaxtını əyləncə məkanlarında keçirməyə adət etmiş əcnəbini bütün gün bazada saxlaya, hər gün makaron yeməyə məcbur edə bilməzsən. Ona görə də heç kim təminat verə bilməz ki, sabah aşağı liqadan elitaya yüksələn komandalar da belə çətinliklə üzləşməyəcək. Belədə komandanı paytaxta yerləşdirib, oyundan-oyuna rayona aparmaqdan, yaxud da rayonun quru adını daşıyıb, ümumiyyətlə, Bakıda oynamaqdan başqa çıxış yolu olmayacaq.

Yaxın keçmişdə Azərbaycan premyer liqasında 12 komanda iştirak edirdi. Di gəl ki, Berti Foqts daim yerli oyunçuların səviyyəsindən şikayətlənirdi. AFFA-dakı məlum qruplaşma da bir ucdan Almaniyadan, Dağıstandan futbolçu gətirib “milliləşdirirdi”.  Qorxuram ki, tarix təkrarlana. İndi biz gələcəyə getmək üçün geriyə dönürük. Lap rejissor Robert Zemekisin Bob Qeylin ssenarisi əsasında çəkdiyi filmdə olduğu kimi: “Gələcəyə getmək üçün geriyə qayıtmalı”...

AMAL

Seçilən
1
football-plus.az

1Mənbələr