Bakı, 13 fevral, AZƏRTAC
Ötən il “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.
AZƏRTAC bp-nin 2024-cü ilin yekun hesabatına istinadən xəbər verir ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
2024-cü ildə terminal təxminən 225 milyon barel neft və kondensat, o cümlədən 224 milyon barel “Bakı-Tbilisi-Ceyhan” (BTC) vasitəsilə və təxminən 1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib. Bu göstərici 2023-cü illə müqayisədə 2,17 faiz və ya 5 milyon barel azdır.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İl ərzində terminaldan, həmçinin gündəlik orta hesabla təxminən 76 milyon standart kubmetr (təxminən 2 milyard 654 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib.