AZ

BDU-nun baş müəllimi: "Məntiq fənninin tədrisində yeniliklər etməyi planlaşdırırıq"

“Kimlər ki, bakalavrda məntiqdən müəyyən biliyə sahibdirlər, magistraturaya qəbul imtahanında da onu asanlıqla həll etməyi bacarırlar".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Sosial Elmlər və Psixologiya Fakültəsinin Fəlsəfə Kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Gülnarə Yusifova bildirib.

 

Onun sözlərinə görə, məntiq ümumilikdə dünyagörüşünə aid bir fənndir:


“Bəzi fakültələrdə, əksər hallarda, fəlsəfə və məntiq fənləri seçmə fənn kimi tədris olunur. Tələbələrin çoxu əsas biliklərdən xəbərsizdirlər. Əslində, magistraturaya qəbul imtahanı üçün təqdim edilən məntiq, bakalavrda tədris olunan məntiq fənninin bir qoludur. Bakalavrda keçirilən məntiq fənninin əsas məqsədi tələbələri düzgün düşünməyə və nəticə çıxarmağa yönəltməkdir. Tələbələrin çoxu şagird olduqları dövrlərdə əzbərçiliyə üstünlük verirdilər. Onlar hazır materialı əzbər şəkildə qəbul edirdilər. Lakin bakalavrda tədris edilən məntiq düzgün düşünmək və doğru nəticə çıxarmağa kömək edir.

 

Öz təcrübəmdən deyə bilərəm ki, kimlər bakalavrda məntiqdən müəyyən biliyə sahibdirlər, magistraturada da onları asanlıqla həll edirlər. Düzdür, belə bir sual yarana bilər ki, axı magistraturaya qəbulda riyazi məntiq var? Lakin məntiq riyaziyyat deyil. Burada bir çox insanların səhvi var. Riyaziyyatda qaydalara əsasən nəsə həll olunur, lakin riyazi məntiqdə belə deyil.

 

Eyni zamanda, işarələr eyni olsa da, yanaşmalar fərqlidir. Bu da onu göstərir ki, düşüncəmiz nə qədər genişdirsə, məsələləri həll etməkdə də bir o qədər müvəffəqiyyətli ola bilərik.

 

Əslində, magistraturada qarşılaşılan suallar və məsələləri mən öz dərslərimdə tədris edirəm. Fakültənin ixtisasına uyğun olaraq məntiq fənnində yeniliklər etməyi planlaşdırırıq. Məsələn, texniki fakültələrdə daha çox riyazi məntiqə yer vermək mümkündür”, - deyə fikrini yekunlaşdırıb.

Seçilən
23
azedu.az

1Mənbələr