AZ

ABŞ-dan Ukraynaya ilk şok

ABŞ NATO-da Co Bayden dövründə yürütdüyü Ukrayna siyasətindən əl çəkməsi və köhnə dəftərin bağlanması ilə bağlı ilk aydın siqnalları verdi. Ukrayna Müdafiə Təmas Qrupunda çıxış edən ABŞ-ın müdafiə naziri Pit Heqset Kiyevin ən mühüm gözləntilərindən birini – NATO üzvlüyünü əngəlləyib. Heqset daha da irəli gedərək Ukraynanın köhnə sərhədlərinə qayıda bilməyəcəyini və hər hansı mümkün sülhməramlı missiyanın NATO bayrağı altında həyata keçirilməməsi lazım olduğunu söyləyib.

P.Heqset deyib ki, Birləşmiş Ştatlar da suveren və firavan Ukrayna istəyir, lakin əlavə edib ki, “Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasının qeyri-real məqsəd olduğunu etiraf etməklə başlamalıyıq”.

ABŞ-ın Ukraynanın NATO-ya üzvlüyünün danışıqlar yolu ilə həllinin real nəticəsi olacağına inanmadığını deyən Heqset, davamlı sülh üçün güclü təhlükəsizlik zəmanətlərinin lazım olduğunu bildirib. Bu təminatların Avropa və qeyri-Avropa qoşunları tərəfindən dəstəklənməli olduğunu vurğulayan Heqset, “Əgər bu qoşunlar istənilən mərhələdə Ukraynada sülhməramlılar kimi yerləşdiriləcəksə, onlar NATO-ya daxil olmayan missiyanın bir hissəsi kimi yerləşdirilməlidir və 5-ci maddənin (kollektiv müdafiə prinsipi) əhatə dairəsinə düşməməlidir”, – deyib.

ABŞ Müdafiə Nazirinin vəzifəyə gəldikdən sonra NATO ilə ilk təmasda verdiyi mesajlar indiyə qədər izlənilən yanaşmadan fərqli bir istiqamətin alınacağına və Alyans daxilində müzakirələrin intensivləşəcəyinə ilk işarələrdir. Heqsetin bugünkü NATO Müdafiə Nazirləri Toplantısının əsas mövzusu olacaq müdafiə xərcləri ilə bağlı da açıq mesajlar verəcəyi az qala dəqiqdir.

Seçilən
7
vaxt.az

1Mənbələr