Təbriz şəhərində yaşayan milli fəal Sima Əlipur İran İslam İnqilabı Keşikçiləri Korpusunun təhlükəsizlik qurumu tərəfindən dindirilməyə çağırılıb.
O, bu barədə fevralın 11-də İnstagram səhifəsində məlumat verib. Əlipur bildirib ki, həmin gün saat 13:50-də onunla əlaqə saxlanılıb və dindirilməyə çağırılıb. Lakin o, təhlükəsizlik orqanlarının məhkəmə orderi vərəqəsi olmadan telefon vasitəsilə çağırışının qanunsuz olduğunu əsas gətirərək müvafiq idarəyə getməkdən imtina edib.
Sosial mediada İran Azərbaycanı ilə bağlı bəzi hesablar son aylarda Sima Əlipurun bir neçə dəfə təhlükəsizlik qurumları tərəfindən telefon vasitəsilə dindirilməyə çağırıldığını yazıb. Bu çağırışlar onun yaxınları və ailəsi arasında narahatlıq yaradıb.
Sima Əlipur bundan əvvəl də İranda azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı dinc fəaliyyətinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və bir neçə həftə təcridxanada dindirilmişdi.
Son həftələrdə İran Azərbaycanında təhlükəsizlik qurumları tərəfindən həyata keçirilən telefon çağırışlarının artdığı bildirilir.
Visiontv.az