Aİ ölkələri ABŞ-dan onları Ukrayna ilə bağlı danışıqlara cəlb etməyi tələb ediblər.
Publika.az xəbər verir ki, Almaniya, Fransa, Polşa, İtaliya, İspaniya, Böyük Britaniya və Aİ-nin xarici işlər nazirləri birgə bəyanat yayaraq, “Ukrayna və Avropa istənilən danışıqların bir hissəsi olmalıdır” deyə təkid ediblər.
“Amerikalı müttəfiqlərimizlə növbəti addımları müzakirə etməyi səbirsizliklə gözləyirik. Bizim ümumi məqsədlərimiz Ukraynanı güclü vəziyyətə salmaq olmalıdır. Ukrayna etibarlı təhlükəsizlik təminatları ilə təmin edilməlidir. Ukraynada ədalətli və davamlı sülh möhkəm transatlantik təhlükəsizliyin ilkin şərtidir”, - Almaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir.
Sənəd fevralın 12-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışıqlarının baş tutması məlum olduqdan sonra dərc edilib. “Bloomberg”-in məlumatına görə, Avropa rəsmilərinə gözlənilən danışıqlar barədə əvvəlcədən məlumat verilməyib. Rusiya prezidenti ilə söhbətdən sonra Tramp Ukrayna üzrə danışıqların “dərhal başlandığını” elan edib.