Xəbər verdiyimiz kimi, Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulur. Bu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən yeni – 12-1-ci maddədə əksini tapıb.
Bəs işarət dili Azərbyacanda necə inkişaf edib və sahədə hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Səssiz Ünsiyyət Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədri işarət dili təlimçisi və tərcüməçi Şamil Sabirzadə Operativ Media-ya açıqlama verib:
"Televiziyalarda işarət dilinin məcburi göstərilməsi və qanunda dəyişikliklər edilməsi çox müsbət haldır. Biz bu qərarın artıq neçə ildir qəbul edilməsini gözləyirdik. Təşkilat olaraq eşitmə və nitq məhdudiyyətli dostlarımızın ünsiyyət dili kimi cəmiyyətə adaptasiya etmək və onu formalaşdırmaq əsas məqsədimizdir. Həmin şəxsləri cəmiyyətə adaptasiya edilməlidir. Bu təşkilat artıq 8 ildir fəaliyyət göstərir. Biz Milli Məclisin deputatları ilə görüşəndə işarət dilinin dərsliklərə əlavə edilməsi və tədris edilməsi, verilişlərin işarət dilinə tərcümə edilməsi barədə dəfələrlə danışıqlar aparmışıq. Artıq bu qanunu təsdiqləndi. Bu sevindirici haldır
Mən özüm də eşitmə və nitq məhdudiyyətli insanların övladıyam. Onlar xəbər və ya verilişi izləyən zaman mənə müraciət edirdilər ki, hazırda mövzu nədən bəhs edir. Mən onlar üçün efirdə olanları tərcümə edirdim. Bəli, bu artıq mənim üçün asanddır. Çünki mən bu dili bilirəm. Amma mən olmadığım müddətdə onların həyatında bu çox ciddi problemdir. Mənim valideynlərim kimi ölkədə bir çox eşitmə məhdudiyyətli şəxs var. Onlar çox yerdə çətinliklə qarşılaşır. Görüntü var, amma səs yox. Buna görə də Azərbaycanın efirlərində işarət dili tərcüməsi olduqca vacib bir məsələdir".
Sədr bu dilin tədrisə salınmasının vacibliyindən danışıb:
"İşarət dilinin dərsliklərə salınmasına gəldikdə isə, dünyanın bir çox yerində artıq bu fənn kimi tədris edilir. Artıq işarət dili fənn olaraq tədris edilməyə başlayacaq. Çünki cəmiyyətdə eşitmə əngəlli şəxslər formalaşmalıdır. Cəmiyyətdə bu şəxslər kimdənsə yol və ya ünvan soruşanda problemlərlə qarşılaşırdılar. Kimisi bu əl hərəkətləri ilə zarafat edirdi. Bu isə psixoloji cəhətdən onlara çox ciddi təsir göstərir. Amma son illər dövlətimizin dəstəyi ilə bir çox layihələr həyata keçirilir. Bu gün ən azından cəmiyyətimizin bir hissəsi bu dili bilir. Qalanları isə bu dil haqqında artıq məlumatlıdır".
Şamil Sabirzadə ölkədə işarət dili ilə bağlı çox şeyin dəyişməli olduğunu bildirib: "İlk olaraq bu dil məktəblərdə tədrisə salınmalıdır. Ən azından hər bir vətəndaş bu dil ilə bağlı ən çox istifadə edilən sözləri bilməlidir. Bundan əlavə işarət dili ilə bağlı ölkədə inkluziv təhsil olmalıdır. Surfopedaqokika fakültəsi bizim ölkəmizdə yoxdur. Mən özüm bu ixtisası Rusiyada bitirmişəm. Ölkəmizdə bu ixtisas tədris olunmur. Bu ixtisas ölkəmizdə universitetlərdə tədris olunsa daha yaxşı olar. Bu zaman tələbələr bu ixtisasa yiyələnmək üçün xaricə üz tutmazlar. Artıq ölkəmizdə bu dili inkişaf etdirərik".
Sədr bildirib ki, hazırda ölkədə barmaqla sayılacaq qədər işarət dili tərcüməçiləri var: "Yaxınlarında eşitmə problemi olan şəxslər demək olar ki, bu dili bilir. Amma 100 faiz bilirmi? Xeyr. Yəni hazırda tərcüməçi sayı ölkəmizdə çox azdır. İşarət dili televiziyalarda məcburi ediləcəksə, bu dili bilən şəxslərin sayı da artmalıdır. Çox təəssüflər olsun ki, ölkəmizdə bu say çox azdır. Bəzi peşəkar tərcüməçilərimiz efirə çıxmaq istəmirlər (Suda tərcüməçi - eşitdiyini sinxron şəkildə anında tərcümə edən şəxs).