Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda bir şagirdin ümumtəhsil məktəbində keçirdiyi 11 il ərzində dövlət tərəfindən 20 min manat vəsait xərclənir.
Ümumilikdə bu rəqəmi qənaətbəxş hesab etmək olarmı?
Təhsil məsələləri üzrə ekspert Elmin Nuri Valyuta.az-a bildirib ki, bu 20 min manat kimi göstərilsə də, məbləğ stabil deyil və müxtəlif amillərdən asılı olaraq dəyişə bilər. Azərbaycanda bir şagirdin təhsilinə xərclənən illik vəsait orta hesabla 1600-1700 manat arasında dəyişir.
E.Nuri deyir ki, ümumiyyətlə, dünyanın heç bir yerində təhsil tamamilə pulsuz deyil. Biz övladlarımızı dövlət məktəblərinə göndərdiyimiz zaman, təhsil rəsmi olaraq pulsuz görünsə də, əslində, hər bir şagird üçün müəyyən bir xərc dövlət büdcəsindən ayrılır:
“1-ci sinifdən 9-cu sinifə qədər təhsil icbari olduğuna görə, valideynlər övladlarını təhsildən yayındıra bilməzlər. Bununla belə, bu, təhsilin tamamilə pulsuz olduğu anlamına gəlmir. Təhsil xərcləri dövlət tərəfindən qarşılandığı üçün vətəndaşlar bunu birbaşa hiss etmirlər. Dövlət, hər bir şagirdin təhsilinə müxtəlif xərclər çəkir – müəllimlərin əməkhaqqı, məktəbin kommunal xərcləri, texniki və təşkilati məsələlər, təhsil avadanlıqları və s. Bu xərclər məktəbin yerləşdiyi əraziyə, şagird sayına və digər amillərə görə dəyişə bilər. Məsələn, Sumqayıt və Abşeron kimi şagird sıxlığı yüksək olan bölgələrdə müəyyən qənaət mexanizmləri tətbiq oluna bilər. Əksinə, şagird sayı az olan məktəblərdə isə nisbətən daha çox vəsait tələb oluna bilər, çünki bu xərclər müəyyən düstur əsasında hesablanır”.
E.Nuri qeyd edib ki, dünyada şagird təhsilinə ən çox vəsait ayıran ölkələr sırasında ABŞ və Böyük Britaniya var. Bu ölkələrdə bir şagirdin illik təhsilinə 5000-30 000 ABŞ dolları arasında vəsait xərclənir.
"Keyfiyyətli nəticə əldə etmək üçün investisiya qoyuluşu qaçılmazdır"
Ekspertin sözlərinə görə, təhsilin keyfiyyəti ilə bir şagirdin illik təhsilinə ayrılan vəsaitin adekvatlığı da müzakirəyə açıq mövzudur:
“Bu iki faktor bir-birinə zidd deyil, əksinə, keyfiyyətli təhsilin təmin olunması üçün daha böyük maliyyə resurslarının ayrılması vacibdir. Ümumiyyətlə, keyfiyyətli nəticə əldə etmək üçün investisiya qoyuluşu qaçılmazdır. Bu gün özəl məktəb və liseylərin daha yüksək nəticələr göstərməsinin əsas səbəblərindən biri şagird başına ayrılan vəsaitin dövlət məktəbləri ilə müqayisədə xeyli çox olmasıdır. Valideynlər öz övladlarının təhsili üçün illik 6000-10000 manat aralığında ödəniş edirlər. Daha çox maliyyə vəsaiti daha yüksək keyfiyyət tələbi yaradır, müasir infrastrukturun qurulmasını təmin edir və daha peşəkar pedaqoqların cəlb olunmasına şərait yaradır”.
"Yalnız maliyyə deyil, həmçinin təhsilə olan yanaşma da dəyişməlidir"
E.Nuri deyir ki, 4532 dövlət orta ümumtəhsil məktəbi üçün şagird başına illik orta hesabla 1700 manat ayrılmasını aşağı göstərici kimi qiymətləndirmək doğru olmaz:
“Bəli, bu məbləğin artırılması təhsilin inkişafına müsbət təsir edərdi, lakin mövcud problemlərin hamısı maliyyə çatışmazlığı ilə bağlı deyil. Təhsilin əsas zəif məqamlarından bəziləri sistemli yanaşma, idarəetmə və dəyərləndirmə mexanizmləri ilə əlaqəlidir. Keyfiyyətin yüksəldilməsi üçün yalnız maliyyənin deyil, həm də təhsilə olan yanaşmanın dəyişməsi vacibdir”.
"İllik təhsil haqqı 1600 deyil, 3200 olsa ... "
E.Nuri vurğulayıb ki, təhsilin yüksək inkişafının təmini üçün ayrılan madii vəsaitində artırılmasına ehtiyac var:
“Həmin vəsaitin obyektiv şəkildə legitim əsaslarla xərclənməsinə də çox ciddi ehtiyac var. Fikrimcə, bu məbləğ ən azı 2 dəfə artsa, yəni bir şagirdə düşən illik təhsil haqqı 1600 deyil, 3200 olsa, bir çox tədris problemlərini daha operativ şəkildə həll etmək mümkün olar. Həmçinin şagirdi daha yaxşı və əlverişli şərtlərlə formalaşdırmaq mümkün olar”.
"Ölkədə inkişaf etmiş qəyyumluq ənənəsi yoxdur"
Ekspert deyir ki, məktəblərin və universitetlərin istehsalatla əlaqələrinin daha sıx olması və təhsil ocaqlarının yalnız dövlət büdcəsindən deyil, digər mənbələrdən də maliyyələşməsi ənənəsi olsa, bu da öz təsirini göstərmiş olar:
“Təəssüf ki, Azərbaycanda məktəblər və hətta universitetlər istehsalatla yetərincə əlaqələndirilmədiyi üçün əlavə gəlir mənbələrindən məhrumdurlar. Bundan başqa, ölkədə təhsil müəssisələrinə dəstək məqsədilə inkişaf etmiş qəyyumluq ənənəsi də yoxdur. Xarici təcrübədə isə bu mexanizm geniş tətbiq olunur. Məsələn, Londondakı bəzi liseylərdə qəyyumlar şurası fəaliyyət göstərir. Bu şuranın üzvləri vaxtilə həmin liseyin məzunları olmuş, sonradan müxtəlif sahələrdə uğur qazanmış iş adamlarıdır. Onlar təhsil aldıqları məktəbə dəstək göstərmək üçün müəyyən ianələr edirlər.
Azərbaycanda isə təhsil sisteminin maliyyələşdirilməsi əsasən dövlət büdcəsindən asılıdır. Büdcə imkanları nəzərə alındıqda rəqəmlərin şişirdilməsinə ehtiyac olmasa da, ayrılan vəsaitin artırılmasına ciddi ehtiyac var. Bununla yanaşı, təhsilin inkişafı üçün yalnız büdcə vəsaitlərinə deyil, alternativ maliyyə mənbələrinin yaradılmasına da diqqət yetirilməlidir”.
Maya Hüseynova