Bəşər Əsədin oğlu Hafiz sosial şəbəkədə ailəsinin Dəməşqdən necə ayrıldığı haqda yazıb.
Publika.az xəbər verir ki, onun adından "Telegram" və "X"də postlar yayılıb.
Belə ki, 23 yaşlı Hafiz Əsəd ailənin hələ 2012-2013-cü illərdə, paytaxtın davamlı hücumlara məruz qaldığı vaxtlarda Suriyanı tərk etməyi planlaşdırdığına dair şayiələri təkzib edib. Hafiz ehtiyat təxliyə planının olmadığını iddia edir.
Dekabrın 7-dən 8-nə keçən gecə adı açıqlanmayan Rusiya rəsmisinin səfərindən sonra vəziyyət dəyişib. Hafiz anası Əsma və bacısı Zeynin Moskvada olduğunu qeyd edib. Onun özü noyabrda Rusiyanın paytaxtında dissertasiya müdafiə edib və dekabrın 1-də Dəməşqə qayıdıb.
Bildirib ki, dekabrın 7-i axşam köç haqda söhbət belə olmayıb. Qardaşı Kərim imtahan verirdi, bacısı isə Moskvadan Dəməşqə uçuş gözləyirdi. Hafizin sözlərinə görə, gecə yarısından sonra onların iqamətgahına Rusiya rəsmisi gəlib və dərhal Latakiyaya hərəkət etmək xahişini çatdırıb. Bəşər Əsəd oğulları və qardaşı Maherlə birlikdə Dəməşqdən Rusiyanın Xmeymim bazasına uçub.
Bazaya çatdıqdan sonra Burj rayonunda prezident iqamətgahı ilə əlaqə kəsilib və cəbhədə vəziyyət kəskin şəkildə pisləşib. Rusiya komandanlığı xaos və hərbi rəhbərliklə əlaqənin kəsilməsi səbəbindən bazanı tərk etməyin mümkün olmadığını bildirib. Moskva ilə məsləhətləşmələrdən sonra Əsədin ailəsinin Rusiyaya təxliyəsi barədə qərar qəbul edilib.