AZ

Şara Türkiyə ilə dost qalmaq üçün nə etməlidir? - Ekspertdən AÇIQLAMA- ÖZƏL

"Suriyada Bəşər Əsədin hakimiyyətdən devrilməsindən sonra ölkə idarəetməsini əlinə alan Əhməd Əl-Şaranı çətin günlər gözləyir. Yeni prezident vətəndaş müharibəsi nəticəsində dağılmış ölkənin yenidən qurulmasını təmin etməli, eyni zamanda xarici siyasətdə mühüm balansı qoruyub saxlamalıdır. Xüsusilə də, Türkiyə ilə münasibətlərin davamlı və stabil şəkildə qurulması Dəməşq üçün həyati əhəmiyyət daşıyır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev bildirib. 
Ekspert qeyd edib ki, Əhməd Əl-Şara yeni hökumətin dayaqlarını möhkəmləndirmək üçün ilk növbədə ölkənin daxili stabilliyini təmin etməlidir:

"Suriya xalqının əsas istəyi xarabalığa dönən ölkənin yenidən bərpası, sosial ədalətin təmin edildiyi bir dövlətin qurulmasıdır. Lakin bunun üçün təkcə daxili resurslar yetərli deyil. Əl-Şara bu məsələdə zəngin ərəb ölkələrinə ümid edir. Onun ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına etməsi də məhz bununla bağlıdır. Suriya yeni hökuməti ölkəyə investisiya axını cəlb etmək üçün bütün imkanlarını səfərbər etməlidir. Səudiyyə Ərəbistanı ilə yanaşı, BƏƏ, Qətər və Küveyt kimi ölkələrin də yardımına ehtiyac var. Bunun əsas səbəbi isə İranın bölgədə güclənməsinin qarşısını almaqdır. Bu ölkələr yaxşı anlayırlar ki, əgər Əl-Şara hökumətinə lazımi dəstək verilməsə, İranın dəstəklədiyi qüvvələr ölkə daxilində çevriliş edə bilər."

Z.Əmrəliyevin sözlərinə görə, yeni hökumət İranın ölkədəki hərbi varlığını ən böyük təhdid kimi görür və bu səbəbdən də Tehranın təsir dairəsini minimuma endirmək üçün addımlar atmalıdır:

"Əsəd rejimi devrildikdən sonra Hizbullah Suriya daxilində bir neçə təxribat törətməyə cəhd edib. İran isə ölkə daxilində müxtəlif xırda qruplar vasitəsilə Dəməşqə təzyiq siyasətini davam etdirir. Yeni hökumət bu təsiri azaltmaq üçün regional müttəfiqləri, xüsusilə də Türkiyə ilə əlaqələri gücləndirməlidir."

Ekspert qeyd edir ki, Suriya üçün təhlükəsizlik və xarici siyasət məsələlərində Türkiyənin rolu həlledicidir:

"Əgər Ankara Dəməşqə dəstək verməsə, hökumətin ölkədəki silahlı qruplarla mübarizə aparmaq imkanları zəif qalacaq. Türkiyə özü də Suriyada qanunsuz silahlı birləşmələrin fəaliyyətini arzulamır və xüsusilə PKK-nın bölgədən tam çıxarılmasına çalışır. Əl-Şara hökuməti Türkiyənin bu siyasətini dəstəkləməlidir. Əks halda, Ankara Suriyanın yeni rəhbərliyi ilə münasibətlərdə ehtiyatlı mövqe tutacaq. Türkiyənin dəstəyi olmadan Dəməşqin beynəlxalq arenada mövqelərini gücləndirməsi çətin olacaq."

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr