![Ukrayna](/uploads/posts/2025-02/rus-r.jpg)
Ukrayna Tramp administrasiyasından xahiş edib ki, Rusiyanın dondurulmuş aktivlərindəki 300 milyard dollardan Amerika istehsalı olan silahları almaq üçün istifadə etməyə icazə versin.
Reyting.az-ın məlumatına görə, bu barədə “Bloomberg” nəşri avropalı rəsmilərə istinadla yazıb.
Qeyd olunur ki, Rusiya aktivlərindən Amerika silahlarının alınması üçün istifadə edilməsi ideyası son həftələrdə Ukrayna rəsmiləri, onun bəzi müttəfiqləri və Tramp komandasının nümayəndələri arasında keçirilən görüşlərdə səsləndirilib. Mənbələrdən biri bunun birbaşa ABŞ Prezidenti Trampa da təklif edildiyini bildirsə də, “prezidentin bu ideyanı dəstəklədiyinə dair heç bir əlamət yoxdur”, - deyib.
Nəşr xatırladıb ki, Rusiya Mərkəzi Bankının aktivləri “Yeddilik” Qrupu və Avropa İttifaqının tədbirləri çərçivəsində tammiqyaslı işğalın başlamasından sonra dondurulub. Onlar Avropada Euroclear klirinq evində saxlanılır. İndiyədək G-7 Ukraynaya 50 milyard dollar kredit vermək üçün yalnız sanksiyaya məruz qalmış aktivlərdən əldə edilən gəlirdən yararlanıb.
“Co Bayden ABŞ Prezidenti olanda bir sıra Avropa ölkələri aktivlərin müsadirəsində israr edirdilər. Və bu təklif Trampın gəlişindən sonra Ukraynanın bəzi müttəfiqləri tərəfindən yenidən səslənib”,- deyə nəşrin mənbələri bildiriblər.
Avropalı diplomat təklif edib ki, bu aktivlərin əksəriyyəti Avropada saxlandığından, “bu, avropalıların Ukraynadakı vəziyyəti həll etmək üçün mümkün danışıqlarda istifadə edə biləcəyi bir kartdır”. Bununla belə, nəşr xatırladır ki, bir neçə Avropa ölkəsi bu addımın əleyhinədir.
Beləliklə, Almaniya, Lüksemburq və Belçika aktivlərin müsadirəsinin maliyyə sabitliyinə təsir edəcəyindən, həmçinin hüquqi və digər risklər daşımasından ehtiyat edirlər.
V. QULİYEV