May ayında Rumıniyada keçirilməsi planlaşdırılan NATO-nun "Dacian Spring 25" təlimləri ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təxirə salınacaq. Bu barədə Fransanın “Le Journal du Dimanche” (JDD) nəşri yazır.
Məlumdur ki, Fransa bu təlimlər çərçivəsində Rumıniya ərazisinə 4 min əsgərdən ibarət briqada səviyyəsində çoxmillətli struktur yerləşdirməyi planlaşdırırdı. Təlimin məqsədi cəmi 10 gün ərzində NATO-nun şərq cinahında belə böyük silahlı qruplaşmanın yerləşdirilməsi imkanlarını qiymətləndirməkdir.
“Biz siyasi vəziyyətə uyğunlaşırıq”, - nəşrin mənbəsi təlimlərin təxirə salınmasını izah edib.
Mayın 4-də Rumıniyada təkrar prezident seçkiləri keçiriləcək. Onlar əvvəlcə ötən ilin dekabrında keçirilib, lakin dekabrın 6-da təcili iclasdan sonra Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv etmək qərarına gəlib.
Rumıniya prezidenti Klaus İohannis deyib ki, namizəd Kalin Georgescunun kampaniyasının xarici ölkədən dəstək aldığı iddia edildiyi üçün seçkilər ləğv edilib.
Əziz Mustafa, Oxuməni.az