Rusiya təhlükəsizlik qüvvələri Pskovda terror aktının qarşısını alıblar. Belə ki, Mərkəzi Asiya ölkələrindən olan islamçılar dəmiryol vağzalını partlatmaq istəyiblər.
Herbiand.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Rusiyanın Pskov vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti Rusiyada fəaliyyəti qadağan edilmiş və üzvləri Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşları olan beynəlxalq terror təşkilatının bölməsinin fəaliyyətini dayandırıb. Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşları regionda nəqliyyat infrastrukturu obyektinə qarşı terror aktı törətməyi planlaşdırırdılar”, - məlumatda bildirilir.
Qeyd edilib ki, hücum edənlər xarici emissarın göstərişi ilə stansiyanı partlatmağı planlaşdırıblar, bunun üçün ərazidə kəşfiyyat aparıblar, əldəqayırma bomba üçün komponentlər alıblar və onu yığmağa başlayıblar. Terror aktından sonra onlar Yaxın Şərq ölkələrindən birinə qaçmağa ümid ediblər.
İslamçılar saxlanılan zaman silahlı müqavimət göstəriblər və FTX-nin əməkdaşları cavab atəşi ilə onları zərərsizləşdiriblər. Onların iqamətgahlarında aparılan axtarışlar zamanı odlu silah, döyüş sursatı və əldəqayırma partlayıcı qurğunun komponentləri aşkar edilib.
Hadisə ilə əlaqədar cinayət işi açılıb.
Bəxtiyar CƏFƏRLİ