AZ

“Saab”ın yeni sahil nəzarət radarı IDEX-2025 sərgisində təqdim olunacaq

İsveçin “Saab” şirkəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək IDEX-2025 sərgisində yeni sahil nəzarət radarını (Coast Control Radar) nümayiş etdirəcək.

Bu barədə “Poliqon” “Saab” şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, ərazi sularının və dəniz nəqliyyatının qorunması həm gəmilərin, həm milli suverenliyin, həm də qlobal iqtisadiyyatın təhlükəsizliyi baxımından getdikcə daha da əhəmiyyət kəsb edir. “Saab”ın sahil nəzarət radarı kompakt və modul quruluşu sayəsində bu məqsədlərə töhfə verir və xüsusilə, mürəkkəb sahil mühitlərində kiçik gəmilərin izlənilməsini təmin edərək üstün performans nümayiş etdirir.

Binalar, qüllələr və körpülər kimi infrastruktur obyektlərinə asanlıqla inteqrasiya olunmaq üçün dizayn edilən sahil nəzarət radarı çevik quraşdırma imkanları təqdim edir. Onun modul dizaynı quraşdırma çətinliklərini minimuma endirir, eyni zamanda, müntəzəm proqram təminatı yeniləmələri ilə aşkarlama və performans səviyyəsini yüksək səviyyədə saxlayır.

Radarın əsas xüsusiyyətlərinə aşağıdakılar daxildir:

İkili istifadə üçün üstün hərbi antena/radar texnologiyası əsasında hazırlanıb;

Fırlanmayan fazalı şəbəkəli dizayn, kompakt quruluş və modul konfiqurasiya sayəsində tam 360 dərəcə əhatə imkanı təqdim edir;

Mürəkkəb mühitlərdə belə, kiçik və yüksək sürətlə hərəkət edən obyektləri uzaq məsafədən aşkarlaya bilən qabaqcıl texnologiya;

Daha az texniki xidmət tələb edən və yüksək istifadə müddətinə malik olan sərfəli istismar dövrü;

Daimi proqram yeniləmələri və yüksək səviyyədə avtomatlaşdırılmış proqram təminatı ilə işləyir.

Qeyd olunub ki, bu radar BƏƏ-nin Əbu-Dabi şəhərindəki “Tawazun Sənaye Parkı”nda yerləşən “Saab”ın tədqiqat və inkişaf mərkəzində hazırlanıb.

Seçilən
8
poliqon.az

1Mənbələr