1800 metr yüksəklikdə yerləşən Qaxın Sarıbaş kəndində bir zamanlar 350 ailə yaşasa da, bu gün qalan ailələrin sayı heç 10-a çatmır. Kənddə qalan şəxslər isə daha çox yaşlı insanlardır. Qar yağanda kəndlə əlaqə tamamilə kəsilir. Sakinlər isə Sarıbaşdan ildə bir dəfə çıxa bilirlər. Sakinlərin sözlərinə görə, kənddə məktəb, tibb məntəqəsi, həkim, tibb bacısı yoxdur, hətta xəstələnəndə rayon mərkəzinə getməyə şərait də yoxdur.
Həftənin QƏLƏBƏSİ
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Fransanın PSJ klubu “Brest”lə üz-üzə gəlib və oyun Paris klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun mərkəzi matçında “Mançester Siti” yerli azarkeşləri önündə “Real”ı qəbul edib. Məhsuldar keçən matçda “kral klubu” əzmkar qələbə qazanıb - 3:2. Madrid klubu gerdi düşdüyü oyunda sonunucu dəqiqələrdə vurulan qollarla meydandan qalib ayrılıb.
Həftənin HƏBSİ
Qarabağdakı keçmiş separatçı rejimin komandanı olmuş Cəlal Arutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə qərarı Ermənistanın Sünik vilayətinin məhkəməsi verib. Xatırladaq ki, Ermənistanda Arutyunyan barəsində 44 günlük müharibə ilə əlaqəli iki cinayət işi başladılmışdı.
Həftənin SAATI
Dünyaşöhrətli ulduz Beyonsun əri, reper Cey Zi 3 milyon dollarlıq saatı ilə görüntülənib. Bu barədə “WWD” məlumat yayıb. Repçi “Richard Mille” brendindən nadir “RM66 Flying Tourbillon Rockstar” aksesuarı ilə “Super Bowl”da meydançaya çıxıb. Qeyd edək ki, dünyada bu saatların cəmi iki cütü var, onların qiyməti 3 milyon dollar qiymətləndirilir.
Həftənin MESAJI
ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırıb. Sualların çoxu Ukrayna münaqişəsinin həlli ilə bağlı olub. O bildirib ki, hazırda qruplar səviyyəsində danışıqlar aparılır. Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir. Lakin Amerika lideri vurğulayıb ki, “tanqoya iki nəfər lazımdır”.
Həftənin TƏLƏBİ
Amerikalı milyarder İlon Mask ABŞ-nin “Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu deyib. Bu barədə “X” hesabında paylaşım edən Mask bu media orqanlarına heç kimin qulaq asmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollar xərcləndiyini deyib. “Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır”, - deyə o bildirib.