AZ

Azərbaycan klubu 50 min dollar artıq təzminat istədi - Onu satmaq üçün

Bugünlərdə xəbər verdiyimiz kimi, «Erzurumspor» azərbaycanlı futbolçunun xidmətində maraqlıdır.

Türkiyənin I Liqasının iştirakçısı Rüfət Abdullazadəyə elçi düşüb.

Super Liqaya iddia edən klub ona görə «Səbail»in qapısını döyüb. Qardaş ölkə təmsilçisinin yarımmüdafiəçiyə görə ödəməyə hazır olduğu məbləğ də bizə məlumdur.

Erzurum şəhərinin eyniadı komandası 24 yaşlı oyunçusu üçün 100 min dollar verməyə razıdır.

Saytımıza bu konteksdə yeni məlumat daxil olub.

Əldə etdiyimiz informasiyaya görə, maliyyə çətinliyi yaşayan və Premyer Liqa ilə vidalaşmaq təhlükəsi ilə üzləşən «Səbail» Rüfəti satmağa razılıq verib.

Sadəcə, erzurumlular bunun üçün nəzərdə tutduqları məbləğdən daha artıq xərcə düşməlidirlər. Təklif etdikləri vəsaitin miqdarını 50 min dollar artırsalar, Azərbaycan klubu onlara «Allah xeyir versin» söyləyəcək.

«Sumqayıt»ın yetirməsi olan Abdullazadə ikinci mövsümdür ki, «dənizçilər»in şərəfini qoruyur. Onun Bayıl klubu ilə kontraktı bu ilin yayında başa çatacaq.

Vaxtilə azərbaycanlı baş məşqçi Ruslan Abdullayevin çalışdırdığı «Erzurumspor» hazırda I Liqanın iddialılarından biridir. 23 tura 40 xal toplayaraq, turnir cədvəlinin üçüncü pilləsində yer alıblar.

SPORTİNFO.AZ

Seçilən
12
1
sportinfo.az

2Mənbələr