AZ

Rusiya Azərbaycanla bağlı məsələdə geri çəkiləcək

Rusiya

“Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik Moskvanın əsassız yanaşmalarından qaynaqlanır. AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya səmasında vurulduqdan sonra Moskvanın faciəyə ədalətsiz yanaşması ucbatından münasibətlər daha da gərginləşib. Amma buna qədər Azərbaycan hər zaman əməkdaşlıq, mehriban qonşuluq və müttəfiqlik münasibətlərinə sadiq qalıb”.

Bunu Reyting.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şura üzvü Əli Orucov Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini şərh edərkən deyib.

Əli Orucov xatırladıb ki, AZAL-a məxsus təyyarə vurulduqdan sonra Azərbaycan Rusiyadan üzr istəməyi, cinayəti törədənləri cəzalandırmağı və kompensasiya ödəməyi tələb edib. “Bu da yaxşı qonşuluq münasibətlərinə, müttəfiqlik sazişinə və beynəlxalq qanunlara tam uyğundur. Təəssüflər olsun ki, Moskva bu tələbləri yerinə yetirmək əvəzinə hücuma keçib, bütün resurslarını Azərbaycana qarşı yönəldib və rəsmi Bakının geri çəkilməsinə çalışıb”, - deyə Şura üzvü əlavə edib.

Ə. Orucovun fikrincə, indiki mərhələdə Rusiyanın məqsədi Azərbaycanın geri çəkilməsinə nail olmaqdır ki, belə bir mövqe də rəsmi Bakı tərəfindən qəbul edilmir:

“Putin xarakter baxımından döyüşgən, istədiyini edən siyasətçi olsa da, inanmıram ki, Azərbaycanla münasibətlərin tam qırılma nöqtəsinə qədər davam etdirsin. Əvvəla, hazırda Rusiyanın beynəlxalq durumu elədə münasib mövqedə deyil. Ukrayna müharibəsi səbəbindən Rusiyaya ciddi sanksiyalar tətbiq olunur, bu ölkə faktiki olaraq beynəlxalq aləmdən təcrid edilib. Belə bir məqamda Azərbaycanla əlaqələri qırmaq Rusiyanın maraqlarına ziddir”.

AMİP üzvünün fikrincə, Rusiya Azərbaycanın geri çəkilməsinə nail ola bilməyəcək, çünki bu, əsassız istəkdir: “Digər tərəfdən, Azərbaycan indi güclü dövlətdir, son illər güclənib, yaxşı müttəfiqləri və tərəfdaşları var”.

Ə. Orucov hesab edir ki, prosesin sonunda Azərbaycan yox, Rusiya geri çəkilməli olacaq.

ELÇİN
Seçilən
22
reyting.az

1Mənbələr