“Monako”nun baş məşqçisi Adi Hütter UEFA Çempionlar Liqasının 1/16 finalında “Benfika”ya ev məğlubiyyətinə aydınlıq gətirib.
Arena.az məlumat verir ki, cütün ilk oyununda Knyazlıq klubu “qartallar”a 0:1 hesabı ilə məğlub olub.
Adi Hütter oyundan sonra baş tutan mətbuat toplantısında bunları söyləyib:
“Hər şeydən əvvəl, bu oyun məndə, iki ay əvvəl elə, bu “Benfika”ya qarşı oynanılmış oyunun təkrarlanması təəssüratını yaratdı. İkinci hissənin ilk on dəqiqəsi həlledici oldu. Mən düşünürəm ki, Əli Əl-Musratiyə (Əlmötəsimbillah Əli Məhəmməd Əl-Musrati – “Monako”nun liviyalı dayaq yarımmüdafiəçisi – redaktorun qeydi) göstərilmiş ikinci sarı vərəqə – heç bir aqressiya nümayiş etdirməmiş oyunçu üçün son dərəcə sərt bir cəza idi.
Təkrar edirəm, oyunçunun qovulmasını qəbul etmək çətindir, amma bu gediş olmamalı idi. Buna rəğmən, mən, komandamın bu hadisələrə necə qarşılıq göstərdiyini bəyəndim, uşaqlar sona qədər çalışıb-vuruşdular və hesabı bərabərləşdirmək üçün əllərindən gələni etdilər. Fasilədə mən onlardan, hesab arasındakı fərqin cüzi olduğunu qeyd edərək, məhz bunu xahiş etmişdim. Biz, cavab oyununda 1/8 finala vəsiqə qazanmaq üçün çarpışıb-vuruşacağıq”, –
deyə avstriyalı mütəxəssis bildirib.
Xatırladaq ki, “Monako” cavab oyunu çərçivəsində fevralın 18-də Lissabonda “Benfika”nın “qonağı” olacaq.