Politoloq Aytən Qurbanova mövzu ilə bağlı Olaylar.az-a bildirib ki, qlobal sistemin ikili standartları və ədalətsiz yanaşmaları ilə mübarizə apararaq qalib gəlmək hər dövlətin öhdəsindən gələ biləcəyi missiya deyil.
"Azərbaycan Respublikası hər zaman müstəqil xarici siyasət gündəliyinə və milli maraqlara əsaslanan prioritetlərə sahib olmuşdur. İkinci Qarabağ müharibəsi nəticəsində əldə olunmuş tarixi zəfərimiz, 23 saatlıq antiterror tədbirləri və bütün addımlar bu istiqamətdə olan qətiyyətli mövqeyimizi bütün dünyaya aydın şəkildə göstərmiş oldu. Heç bir hərbi-siyasi bloklaşmada təmsil olunmadan qlobal sistemin ikili standartları və ədalətsiz yanaşmaları ilə mübarizə apararaq qalib gəlmək hər dövlətin öhdəsindən gələ biləcəyi missiya deyil. Azərbaycan bu missiyanı çox böyük ustalıqla yerinə yetirməyə müvəffəq oldu".
Aytən Qurbanova qeyd edib ki, Azərbaycan Respublikası Şərq ilə Qərb, Şimal ilə Cənub arasında mühüm birləşdirici dəyərlərə sahibdir.
"Müzəffər Ali Baş Komandanın rəhbərliyində Azərbaycan qlobal sistemdə yeni model - Azərbaycan modelini yaratmış oldu. Balanslı siyasi kursumuzun verdiyi üstünlüklərlə dünyanın fərqli bölgələrindəki tərəfdaşlarımızın sırası hər gün bir az daha genişlənir. Qoşulmama Hərəkatı çərçivəsində atdığımız uğurlu addımların və yeni təşəbbüslərin labüd nəticəsi olaraq yeni dünya nizamında bu Hərəkatın rolu artmağa davam edir. Türk və İslam dünyasının önəmli aktoruna çevrilmiş Azərbaycan Respublikası Şərq ilə Qərb, Şimal ilə Cənub arasında mühüm birləşdirici dəyərlərə sahibdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, yeni Azərbaycan yeni və daha böyük hədəflərə malikdir. Ona görə də, yeni formalaşan dünya nizamında Azərbaycan sadəcə Cənubi Qafqazın lider dövləti olaraq deyil, daha böyük coğrafiyada təsir gücünə sahib qətiyyətli və yüksələn güc olaraq təmsil olunmaqda iddialıdır".
Səidə Ramazanova