Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar keçirir. Lakin bəzi sürücülər bu imtahanlardan narazıdırlar. İmtahan vermiş şəxslərdən birinin sözlərinə görə, dərslərdə keçirilən ilə suallarda düşən mövzular tamam fərqlidir. Dərslərdə keçilməyən məsələlər də imtahanda düşə bilir. İmtahandan kəsildikdə isə gərək yenidən müəyyən qədər ödəniş edib qeydiyyatdan keçəsən və beləliklə, proses yenə 2 ay uzanır. Nəqliyyat eksperti Yasin Mustafayev Metbuat.az-a açıqlamasında məsələyə münasibət bildirib. O deyib ki, çox vaxt zəif tələbə imtahanın çətinliyindən şikayət edir:
“Əslində isə təlimdə keçirilən mövzular çox mürəkkəb olmur və imtahanda da buna uyğun suallar olmalıdır. Təlimdə keçilməyən mövzunu imtahana salınması isə təbii olaraq doğru deyil. Proseslə bağlı şikayətləri olan sürücülər isə DİM-ə müracət edə bilərlər”. Sevinc İbrahimzadə / Metbuat.az