“Azərbaycan İtaliya kimi dəbi diktə edən ölkələrlə müqayisə oluna bilməz. Biz dünyanın ən dəbli geyinən ölkələri arasında çox geridəyik. Düzdür, son illər Azərbaycanda da dəbi izləməyə başlayıblar. Bu da sosial şəbəkələrin istifadə olunmasından asılıdır. Çünki dəbin formalaşmasında sosial şəbəkələr böyük rol olynayır. Xüsusilə, cavan və orta nəsil dəbi yaxından izləyir”.
Bu fikirləri Hafta.az-a açıqlamasında modelyer Şəlalə Maqsudova bildirib.
Onun sözlərinə görə, dəblə ayaqlaşmaq asan məsələ deyil: “Bu gün bizdə insanların geyim zövqü daha çox rahat və komfort stil istiqamətindədir.Təbii ki, konfort geyinərkən düşünmürlər ki, bu tərzli görünə bilər ya yox. Əslində zövqlü və dəbli geyinmək böyük miqdarda vəsait tələb etmir. Bəzən çox ucuz qiymətə də gözəl zövqlü, tərzli geyinmək mümkündür. Əsas brend geyinmək deyil, zövqlü geyinmək şərtdir. Amma zövqlü görünmək, insanın öz tərzini seçməyi də onun xarakterindən asılıdır. Bəzən bizim cəmiyyətə baxsaq görərik ki, bəzi insanlar bahalı geyimlərə axın etmək istəyirlər. Sanki bahalı geyimlər daha zövqlü, daha moderndir. Amma bu heç də belə deyil və yanlış bir fikirdir”.