AZ

Rusiya uçurumun kənarına gəlib çatıb: “Kremlin şərtləri artıq işləmir”

“Rusiyanın Ukrayna ilə danışıqlara hazır olması ilə bağlı açıqlaması onu göstərir ki, artıq olduqca ağır bir duruma düşüb. Rusiya iqtisadiyyatı iflas həddinə çatıb. Onun hərbi sənaye kompleksi istehsal potensialını itirmək üzrədir. Eyni zamanda, Rusiyanın canlı qüvvə itkisi də böyük rəqəmlərlə ifadə olunur”.

Bunu Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Rusiya hər ötən gün daha da zəiflədiyi və ağır duruma düşdüyü üçün artıq Ukrayna ilə sülh danışıqlarına hazır olduğunu bəyan edir:

“Halbuki bir müddət öncəyə qədər müxtəlif şərtlər irəli sürürdü. Hətta Ukrayna prezidenti Volodimir Zelenskinin legitimliyini belə şübhə altına alır, bunun kimi absurd bəhanələr gətirirdi. Ancaq indi elə bir situasiya yaranıb ki, Kreml Ukrayna savaşından mümkün qədər tez bir zamanda çıxmağın yollarını axtarmaq məcburiyyətindədir. Sergey Lavrovun Ukrayna savaşının köklü səbəblərinin aradan qaldırılması ilə problemin nizamlanmasına imkan yaranacağını bəyan etməsi də doğru yanaşmadır. Ancaq Kreml ilk növbədə özü güzgüyə baxmalıdır. Belə ki Ukrayna savaşının köklü səbəbləri Kremlin imperalist davranışları ilə bağlıdır. Əgər Kreml Ukrayna savaşının köklü səbəblərini aradan qaldırmaq istəyirsə, ilk növbədə Rusiya imperalist siyasətindən, qonşu ölkələrinin ərazilərinə göz dikməkdən, Ukraynanın ərazi bütövlüyünə təcavüz etməkdən imtina etməlidir. Əsas köklü səbəblər bunlardır.

Kreml istədiyi səbəbi uydura bilər, ancaq Ukrayna böhranının əsas köklü səbəbi Rusiyanin imperalist siyasətindən başqa bir şey deyil. Rusiya müstəqil Ukrayna dövlətinin ərazisini işğal edib, Krımı öz ərazisinə qatıb digər əraziləri də separatçı formada Ukraynadan qoparmağa çalışıb. Rusiya bu səbəbləri kənara qoyub başqa istiqamətdə bəhanələr axtarır. Ancaq dünya o qədər dəyişib ki, artıq Rusiyanın belə cəhdlərinin bir nəticə verəcəyi qətiyyən inandırıcı görünmür. Elə bir situasiya yaranıb ki artıq Rusiyanın şərtləri də işə yaramır. Tramp administrasiyası bu şərtləri qəbul etməyəcəyinin mesajını verir. Rusiya artıq şərt qoyacaq vəziyyətdə deyil, əksinə ona qarşı qoyulan şərtləri icra etmək məcburiyyətindədir. İlk növbədə Ukraynanın ərazilərindən Rusiyanın qoşunlarının çıxarılması, beynəlxalq hüquqla təsbit olunmuş Ukrayna ərazi bütövlüyünün bərpa olunması lazım gələcək. Sülh sazişinin imzalanması üçün rəsmi Kiyev konkret olaraq öz şərtlərini irəli sürüb. Zelenski bəyan edib ki, Ukrayna ərazilərindən imtina etmək niyyətində deyil. Əgər Rusiya sülh sazişini Ukrayna ərazilərinin öz nəzarətində saxlanılması ilə imzalamaq istəyirsə, o zaman ərazi mübadiləsi etmək lazım gələcək. Hazırda işğal olunmuş ərazilərin əvəzində Ukrayna da nəzarət altına aldığı Kursk və Beryansk bölgələrini öz ərazisinə qatmaq kimi şərt irəli sürüb. Bu da tam ədalətli və doğru yanaşmadır. Əgər Rusiya Ukrayna ərazisini ələ keçiribsə, Ukrayna da Rusiyanın ərazisini öz ərazisinə qatmaq hüququna malik olur. Bütün bunlar onu göstərir ki, Rusiya uçurumun kənarına gəlib çatıb və Kremlin şərtləri artıq işləmir, törətdiyi hərbi cinayətlərin cavabını alternativ arqumentlər üzərində qurulmuş şərtlərlə cavab vermək məcburiyyətində qalacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr