AZ

Oğlu Əsədin Suriyadan necə qaçdığını açıqladı: “Evimizə rus bir məmur gəldi”


Suriyanın keçmiş prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsəd atasının Suriyadan qaçmasından danışıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Telegram” kanalında məlumat yayıb.  
Hafiz Əsədin sözlərinə görə, Bəşər Əsəd Rusiyadan gələn məmurla görüşdən sonra Suriyanı tərk edib.
Onun dediyinə görə, əgər ailəsi qaçmaq istəsəydi, bunu daha əvvəl, məsələn, 2012 və ya 2013-cü illərdə, Dəməşqin praktiki olaraq mühasirədə olduğu, gündəlik bombardmanlara məruz qaldığı və terrorçuların onun mərkəzinə daxil olmaq təhlükəsi ilə üzləşdiyi vaxtlarda edərdi.
Hafiz Əsəd bildirib ki, prezident ailəsində heç kimin Suriyanı tərk etmək planı (hətta ehtiyat planı kimi də) olmayıb. Lakin dekabrın 7-dən 8-nə keçən gecə hansısa rus məmurunun gəlişindən sonra hər şey dəyişib.
Hafiz Əsəd yazır ki, noyabrın sonunda o, Moskvada dissertasiya müdafiə edib. Anası Əsma və bacısı Zeyn də orada olub.
Dekabrın 1-də vəziyyət pisləşəndən sonra Hafiz Əsəd atası və qardaşı Kərimə kömək etmək üçün Dəməşqə uçub.
Onun sözlərinə görə, Dəməşq yaxınlığındakı atışma Əsəd ailəsindən heç kəsi qorxutmayıb. Çünki bu, müharibənin ilk illərindən alışdıqları tanış reallıq olub.
Hafiz Əsəd ordunun Suriya paytaxtını müdafiəyə getdiyini bildirib. Hətta ordunun Homsdan geri çəkiləcəyi ilə bağlı həyəcanlı xəbərlər çıxanda belə, Əsəd ailəsi getməyə heç bir hazırlıq görməyib.
“Hər şey gecə yarısından sonra dəyişdi. Əl-Malki bölgəsindəki evimizə rusiyalı bir məmur gəldi”, - Hafiz bildirib.
Hafizin sözlərinə görə, bu naməlum məmur dekabrın 7-dən 8-nə keçən gecə Bəşər Əsədin prezident iqamətgahına gəlib və hökumət qoşunlarının silahlı müxalifətə qarşı döyüşlərini izləmək üçün bir neçə gün ərzində Latakiyaya köçmək barədə təcili xahişini çatdırıb.
Dəməşq Beynəlxalq Hava Limanında Bəşər Əsəd və iki oğluna keçmiş prezidentin qardaşı Mahir Əsəd də qoşulub. Onlar gecə saat üçdə Rusiya hərbi təyyarəsi ilə Xmeymim hava limanındakı Rusiya bazasına uçublar.
Enişdən sonra Əsəd ailəsi hava limanından 40 kilometr məsafədə yerləşən Burc İslam bölgəsindəki prezident iqamətgahına getməli idilər. Lakin zənglərə heç kim cavab vermədiyi üçün yaşayış yeri ilə əlaqə saxlamaq cəhdləri uğursuz olub.
Eyni zamanda Bəşər Əsədə hərbçilərin cəbhə xəttindən geri çəkildiyi və qalan son mövqelərin də əldən verildiyi barədə xəbərlər gəlməyə başlayıb.
Seçilən
11
yeniavaz.com

1Mənbələr