Mövzu ilə bağlı Olaylar.az-a danışan Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyəti sədrinin müavini, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirib ki, Qərbin və ABŞ-nin İrana qarşı addımları, sanksiyaları sərtləşdirməsi vəziyyəti gərginləşdirən əsas amillərdən idi.
"2015-ci ildə İranla Qərb arasında Amerika Birləşmiş Ştatlarının da iştirakçısı olduğu nüvə razılaşması əldə olundu. Amma bu, demokratların hakimiyyəti dövründə idi. Bir il sonra Amerika Birləşmiş Ştatlarında Tramp hakimiyyətə gəldi və atdığı ilk addımlardan biri məhz İranla imzalanmış nüvə sazişindən çıxmaq oldu. MAQATE özü etiraf edib ki, İran nüvə sazişinin şərtlərinə əməl edib. MAQATE-nin bununla bağlı heç bir iradı mövcud deyil. 2019-cu ildə İran Uranın zənginləşdirilməsinə start verdiyini bildirdi. Yenə də hadisələri, vəziyyəti gərginləşdirən Qərbin atdığı addımlar oldu. Yəni onlar İrana sanksiyaları daha da sərtləşdirdilər. Qeyd etdiyim kimi, Amerika Birləşmiş Ştatlarının mövqeyi və İran üçün təhlükəli olan planların səsləndirilməsi və s.
Elşad Mirbəşiroğlu qeyd edib ki, İran və ABŞ arasında münasibətlər nə qədər gərgin olsa da, Pezeşkian nisbətən liberal mövqe nümayiş etdirir.
"Tramp etiraf etdi ki, Amerika Birləşmiş Ştatlarının tapşırığı ilə İranın bombalanması baş verə bilər. Lakin bu baş verməyəcək. Yəni bildirdi ki, İranla biz razılığa gələ biləcəyik və bunu çox əminliklə səsləndirdi. Dedi ki, ya bombalanma variantı var, ya da razılığa gəlmə variantı. Düşünürəm ki, razılıq variantı olacaqdı. Yəni bombalanma baş verməyəcək və bu birbaşa hədə, təhdid idi. İranın Ali Dini Rəhbəri də ABŞ ilə danışıqlara getməyəcəklərini bildirmişdi. Amma Pezeşkian nisbətən liberal mövqe nümayiş etdirir".
Professor əlavə edib ki, ABŞ-nin 2016-cı ildə nüvə sazişindən çəkilməsi İranda hələ də narazılıqların qalması ilə nəticələnib.
"Xarici İşlər Nazirinin isə ABŞ-nin təzyiqlərinə baxmayaraq, nüvə sazişi ilə bağlı danışıqlara qayıtmayacağını bildirilməsi ola bilsin ki, bu, İranın keçmişdə baş verənlərlə, ağrılı bir yaddaşı ilə bağlıdır. Çünki dediyim kimi, nüvə sazişi imzalandı amma nüvə sazişinin həyata keçirilməməsinin səbəbkarı Qərb oldu. Yəni bu reallıqdır, səsləndirmək lazımdır. Bu baxımdan da İranda bu narazılıq qalıbdır. Bəlkə də nüvə sazişi ətrafında danışıqlara qayıtmağı əhəmiyyətsiz görür. Amma əgər bu danışıqlar yenidən başlayacaqsa, İran təminat almaq istəyəcəkdir. Yəni ki, danışıqların, razılaşmanın nəticələri mütləq şəkildə gözlənilsin. Artıq xoş olmayan təcrübə var ki, 2015-ci ildə imzalanmış nüvə sazişi demək olar ki, işləmədi. Amma təkrar olaraq vurğulamaq istəyirəm ki, MAQATE-nin mövqeyi ondan ibarət idi ki, İran nüvə sazişinin şərtlərinə əməl edirdi. Bu baxımdan düşünürəm ki, İranın Xarici İşlər Naziri həm İranın 2015-2016-cı illərdə baş verənlərlə bağlı narazılığını ifadə etmiş olur. Həm də bundan sonrakı proseslərin nəticələrinə görə təminat da almaq istəyirlər ki, əgər bir razılıq olacaqsa, mütləq əldə olunmuş şərtlərə uyğun davranış sərgilənsin. İrana qarşı sanksiyalar yüngülləşdirilsin, ya aradan qaldırılsın. Bir də artıq uzun illərdir səslənən İrana hücum təhlükəsi də aradan qalxmış olsun".
Son olaraq politoloq vurğulayıb ki, Trampın əminliklə İranla bomba dili ilə yox, anlaşma dili ilə danışıq baş tutacaq deməsi onu göstərir ki, ABŞ ilə İran arasında bir dialoq olacaq.
Səidə Ramazanova