“Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadənin İdman.biz-ə müsahibəsi
- “Mingəçevir"lə matçda hakimi təhqir etdiyi üçün komandanızın həkimi beş oyunluq cəza alıb. Növbəti qarşılaşmalarda onun boşluğu necə doldurulacaq?
- Qarşıdakı matçlara həkim köməkçimizlə çıxmağı düşünürük. Ola bilsin ki, klubumuzun digər idman növlərində çalışan həkimlərinin köməyindən də faydalanaq. Hələ məsələ ilə bağlı yekun qərar verməmişik.
- Sonuncu matçda həkimdən savayı, futbolçunuz Əli Kərimov da AFFA İntizam Komitəsi tərəfindən cəzalandırıldı. Məlum hadisədən sonra klub tərəfindən hansısa cəza tədbirləri görülüb?
- Bəli, həmin oyunçu klub tərəfindən də cəzalandırılıb.
- Söhbət hansı cəza metodundan gedir?
- Komanda daxilində verilmiş qərar olduğu üçün bu suala cavab vermək istəmirəm. İnsident hər oyunda ola bilər. Fikrimcə, nədənsə asılı olmayaraq futbolçu nə hakimlə, nə də rəqiblə aqressiv davranmamalıdır. Ancaq onu da deyim ki, bu şəraiti yaradan oyun zamanı verilən ədalətsiz qərarlardır.
- Yəni hakim idarəçiliyindən narazısınız?
- Bəli. Biz hakim səhvləri ucbatından 10 xal itirmişik. Söhbət mənim baş məşqçi təyin olunandan sonrakı dövrdən gedir. Təsadüfi deyil ki, builki çempionatda bizim qapımıza beş dəfə 11 metrlik cərimə zərbəsi təyin edilib. Ancaq bu mövsüm penalti vurmayan yeganə komanda bizik. Sosial şəbəkələrimizdə həmin epiozodları paylaşmışıq. Girib baxa bilərsiniz ki, bizə hansı epizodlarda cərimə zərbələri verilməyib. Hələ verilməyən vərəqələri demirəm. Niyəsini bilmirəm, ancaq bəzən bizim oyunlarımızda hakimlər diqqətsiz davranırlar. Futbolçular da artıq ədalət təmsilçilərin bizə qarşı fərqli mövqeyini hiss edir. Nəticədə belə neqativ hallara zəmin yaranır.
- Komandaya qarşı qərəz olduğunu nəzərdə tutursunuz?
- Konkret olaraq qərəz olduğunu deyə bilmirəm. Ancaq bir şeyi dəqiq deyə bilərəm ki, futbolçuların da səbir kasası dolur və mövcud durum onları qıcıqlandırır. Bir tərəfdən də oyunun gərginliyi, haqsız şəkildə rəqibin lehinə verilən qərarlar onlarda aqressiya yaradır. İstənilən halda, aqressiv davranan futbolçumuza bəraət qazandırmıram. Sadəcə səbəblərdən danışıram. Halbuki bizim tək niyyətimiz futbolu gözəlləşdirməkdir.
- Dediniz ki, futbolumuzu gözəlləşdirmək istəyirsiniz. Bu istiqamətdə hansı işlər görürsünüz?
- İkinci dövrədə komandaya dörd-beş nəfər 17-22 yaşlı futbolçular cəlb etmişəm. Onların bəziləri artıq oynamağa başlayıb. Əlimdən gələni edirəm ki, gələcək üçün komandamızdan yaxşı futbolçular çıxsın. Hazırda komandanın durumu çox yaxşı vəziyyətdədir. Öz işimizdəyik. İstər komandadakı abu-hava, istərsə də futbolçuların əzmkarlığı qənaətbəxşdir. Məqsədimiz mövsümü bacardığımız qədər yüksək pillələrdə bitirməkdir.
- AFFA-nın legioner limiti ilə bağlı verdiyi qərarın I Liqaya təsiri haqqında çox danışılır. Siz bu mövzuda nə düşünürsünüz?
- Bəli, bu qərarın təsiri ilə əsas liqada komanda tapmayan yerli futbolçular l Liqaya gələcəklər, bu da öz növbəsində aşağı liqanın keyfiyyətinin artmasına səbəb olacaq. Buna əminəm. Qərarın konkret olaraq I Liqaya təsirindən danışırıqsa, müsbət nəticələr gözləmək olar, ancaq legioner limitinin ləğvi ümumi olaraq yerli futbolçuların milli komandada oynamaq ehtimalını azaldacaq. Hansı ki, mən çıxış etdiyim dövrdə də biz bu problemlə üzləşmişdik. İstənilən halda, AFFA-nın qərarına hörmətlə yanaşıram. Ancaq bunun Azərbaycan futboluna faydalı olmayacağını düşünürəm. Məncə, futbolumuzun problemlərini legioner limitində yox, başqa yerlərdə axtarmalıyıq.
Aytac Sahəd
İdman.biz