"Azərbaycanın daha daha iki böyük şəhərində Boks Mərkəzi fəaliyyətə başlayacaq".
İdman.biz xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov məlumat verib.
Qurum rəsmisi Sumqayıtda artıq belə bir mərkəzin fəaliyyətə başladığını bildirib: "Azərbaycanın daha iki böyük şəhərində - Lənkəran və Gəncədə bu il ərzində böyük boks mərkəzləri fəaliyyətə başlamalıdır. Sumqayıtda isə artıq belə bir mərkəz açmışıq”.
O, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tabeliyində fəaliyyət göstərən Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbinin ötən gün açılışı olan boks zalı ilə bağlı təəssüratlarını da bölüşüb: “İki il əvvəl də Cəlilabadda olmuşdum. Son vaxtlar yaranan problemlər səbəbindən nəticələri zəif idi. Zallarını əllərindən almışdılar. Sonradan yeni zal açmaları barədə məlumat verdilər. Getdik, problemlərini də öyrəndik. Bir ilə yaxın zalsız qalmışdılar, küçədə məşq edirdilər. İndi icarəyə yeni zal götürüblər, məni də açılış üçün dəvət etmişdilər. Zalda şərait yaxşıdır, idmançıları, məşqçiləri var. Onlara tövsiyələrimi verdim”.
Mütəxəssis rayonda boksa böyük marağın olduğunu vurğulayıb: “Potensialları ilə tanış oldum. Ənənələri var, SSRİ dönəmində yığma üzvlərinin əksəriyyəti məhz Cəlilabaddan idi. Bölgədə boksa maraq böyükdür. Cəlilabadda boksun təməlini Əhməd Fərəcov qoyub. 2022-2023-cü illərdə rayonda yeniyetmə və gənc boksçuların sayı çox idi. İki il əvvəl yeniyetmələrin ölkə birinciliyində 5 medal qazanmışdılar. Mükafatlardan biri qızıl, ikisi gümüş, ikisi isə bürünc idi. Hazırda təxminən 50-yə yaxın boksçuları var”.
Qeyd edək ki, ötən gün Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tabeliyində fəaliyyət göstərən Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbinin boks zalının açılışı olub.
İdman.biz