Bu gün – fevralın 13-də Bakıda təşkil olunacaq cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, Tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (IJF), Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri iştirak ediblər.
Beynəlxalq Cüdo Federasiyasının Məşq və Tədris üzrə direktoru Məhəmməd Meridja Bakıdakı yarışın komanda ruhunun, dostluğun və qlobal cüdo icmasının bayramı olduğunu vurğulayıb. O, bu nüfuzlu turnirin dünyanın müxtəlif ölkələrindən cüdoçuları bir araya gətirdiyini, onların bir-biri ilə əlaqə qurmasına və təcrübə mübadiləsi aparmasına imkan yaratdığını qeyd edib. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin adından Azərbaycan Cüdo Federasiyasına və turnirin təşkilatçılarına bu möhtəşəm tədbirə görə dərin təşəkkürünü bildirib.
ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu tədbir iştirakçılarını Azərbaycan Cüdo Federasiyası adından salamlayıb. O, sözügedən turnirin ölkəmizdə keçirilən ən nüfuzlu beynəlxalq yarışlardan biri olduğunu qeyd edib. Rəsulu bu turnirin dünyanın ən güclü cüdoçularını bir araya gətirərək yüksək səviyyəli rəqabət yaratdığını vurğulayıb.
Son dördillik dövrə toxunan Rəşad Rəsullu bu müddət ərzində dəyərli təcrübə qazandıqlarını və mühüm nailiyyətlər əldə etdiklərini, xüsusilə Paris 2024 Yay Olimpiya Oyunlarında iki qızıl medal qazanmağın böyük uğur olduğunu bildirib. Federasiya rəsmisi yeni Olimpiya dövrünə, qarşıdakı imkan və çağırışlara hazır olduqlarını, böyük uğurlar əldə etməyi hədəflədiklərini qeyd edib.
Daha sonra IJF-in hakimlər komissiyasının baş direktoru Daniel Laskau turnir haqqında ətraflı məlumat verib. Sonda püşkatma mərasiminə start verib.
Qeyd edək ki, Bakıdakı “Böyük Dəbilqə” turniri 14-16 fevral tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq. Yarışda 36 ölkədən 258 cüdoçu iştirak edəcək. Azərbaycanı isə bu turnirdə 32 idmançı təmsil edəcək.
Cüdoçularımızın ilk rəqibləri
Kişilər
60 kq
Balabəy Ağayev – Mendsaihan Nyamsuren (Monqolustan)
Əhməd Yusifov – Anvarjon İbrahimov (Özbəkistan)
Murad Muradlı – Tergelsar Munxjarqal (Monqolustan)
66 kq
Ruslan Paşayev – Azizbek Ortikov (Özbəkistan) – Kanat Seyxan (Qazaxıstan) cütünün qalibidir.
Yaşar Nəcəfov – Markus Auer (Avstriya) – İvan Çernıx (IJF) cütünün qalibi
Rəşad Elkiyev – Cüzeppe De Tulio (İtaliya)
Elşən Əsədov – Zamoxşari Bekmurodov (Özbəkistan)
73 kq
Rəşid Məmmədəliyev – Anqsarbek Gianullin (Qazaxıstan)
İbrahim Əliyev – Tatsuki İşihara (Yaponiya)
Vüsal Qələndərzadə – Leonardo Valeriani (İtaliya)
Qədir Hüseynov – Dong-Hyun Bae (Cənubi Koreya)
81 kq
Zelim Tskayev – Leonardo Kasalya (İtaliya)
Ömər Rəcəbli – Artut Margelidon (Kanada)
Məhərrəm İmamverdiyev – Yan Svoboda (Çexiya)
Süleyman Şükürov – Naçe Herkoviç (Sloveniya)
90 kq
Tuncay Şamil – Didar Hamza (Qazaxıstan)
Əli Qazıməmmədov – Fabian Kansi (Almaniya)
100 kq
Əjdər Bağırov – Karamnob Saqaipov (Livan)
Davud Namazlı – Niyaz Bilalov (IJF)
+100 kq
Uşanqi Kokauri – Movli Borçaşvili (Avstriya) – Joao Sesarino (Braziliya) cütünün qalibi
Camal Feyziyev – Erasil Kajıbayev (Qazaxıstan)
Ramazan Əhmədov – İbrahim Tataroğlu (Türkiyə)
Kənan Nəsibov – Yevgeni Balievski (Ukrayna)
Qadınlar
48 kq
Leyla Əliyeva – Culia Qiqlione (İtaliya)
Könül Əliyeva – Andrea Stoyadinov (Serbiya)
Şəfəq Həmidova – Jaklin Şpringer (Avstriya)
57 kq
Fidan Əlizadə – Yevgeniya Qayiç (Sloveniya)
Fidan Qasımova – Veronika Toniolo (İtaliya)
63 kq
Nərgiz Hacıyeva – Nataliya Kpopska (Polşa)
70 kq
Südabə Ağayeva – Şiho Tanaka (Yaponiya)
Günel Həsənli – Lara Çvyetko (Xorvatiya)
+78 kq
Nigar Süleymanova – Kristina Qoman (Ukrayna)