“Bu zamana qədər Somali ilə Azərbaycan arasında əlaqələr diplomatik səviyyədə olub. Ancaq Azərbaycanın dünyada artan nüfuzu, onun inkişaf etməkdə olan ölkələrlə dostluq əlaqələri yaratması digər ölkələr kimi, Somali rəhbərliyinin də diqqətini cəlb etdi. Bu gün Somalinin bir çox problemləri var və bu problemlərin həllində o, Azərbaycan təcrübəsindən yararlanmaq, onu yanında görmək istəyir”.
Bunu hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib. Deputat vurğulayıb ki, Somali İslam ölkəsi, Şərq dünyasının bir hissəsi olsa da, indiyədək Azərbaycan haqqında ancaq diplomatik əlaqələrlə məlumatı var:
“Bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin paytaxt Moqadişoya səfəri, indi isə Somali Prezidentinin Azərbaycana səfəri bir daha göstərdi ki, daha çox ölkə Azərbaycanla əlaqə qurmaq istəyir, daha çox ölkə Azərbaycanla birgə əməkdaşlıq layihələri həyata keçirmək istəyir, hansı ki, bu, hər iki ölkənin maraqlarına cavab verir. Bu, Azərbaycanın dünyada artan nüfuzunu göstərir. Və imzalanan sənədlər göstərdi ki, Azərbaycan daha bir dost qazandı. Hər iki tərəfin maraqlarına cavab verən layihələr həyata keçirmək mümkün olacaq. Eyni zamanda, bundan sonra Azərbaycan Somalidə və digər Afrika ölkələrində daha çox tanınacaq. Heç də təsadüfi deyil ki, Somali rəhbəri ölkəsini Afrikanın qapısı adlandırdı”.
Deputat bildirib ki, gələcək addımlar Azərbaycanın digər ölkələrdə yaxşı münasibətlərinin qurulmasına səbəb olacaq.