AZ

Qayıdış mütləqdir!

Elçin Quliyev,

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Son dövrlər Qərbi Azərbaycan mövzusu gündəmin əsas mövzularından biridir. Burada söhbət yüzminlərlə azərbaycanlının tarixi yurdlarına qayıdışından gedir. Bu qayıdış həmin insanların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Bu məqsəd üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur.

Azərbaycanda dövlət səviyyəsində Qərbi Azərbaycan İcmasına diqqət və qayğı göstərilir. Prezidentimiz cənab İlham Əliyev daim Qərbi Azərbaycan mövzusuna həssas yanaşır, insanların bu tarixi yurdumuza qayıdacağını ən yüksək kürsülərdən bəyan edir. Cənab Prezident dəfələrlə bəyan edib ki, Qərbi azərbaycanlılar sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmalıdır və qayıdacaq. Dövlətimizin başçısı  yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir daha bəyan etdi: “Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.

Məlumdur ki, Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımılarından böyük əziyyət çəkib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə yalnız ermənilər yaşayırlar. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.

Bu gün məsələyə beynəlxalq ictimaiyyətin münasibət bildirməsi çox önəmlidir. Ermənistanda isə bu mövzu “dərin narahatlıqla” izlənilir. Çünki artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq platformalarda müzakirə predmetinə çevrilib.

Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində mükafatlandırılıb və təltif olunublar. Bu haqsızlıq Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaradıb və onları Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı iddialara, güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirib. Azərbaycanın 44 günlük müharibədə öz ərazilərini işğaldan azad etməsi, müharibənin qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına  əngəl törədir.

Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu inkar etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqlarına” heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulunu” qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır: “Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”.

Ermənistandan azərbaycanlıların qovulması nəinki tarixi faktdır, eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, tarixi torpaqlarımızdan xalqımızın irsini məhv edən, tarixi abidələri dağıdan, bununla Azərbaycanın tarixi torpaqlarını erməniləşdirməyə cəhd göstərən Ermənistanın Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır.

Bir neçə gün öncə Qərbi Azərbaycandan bəhs edən, professor Əsgər Zeynalov və filologiya üzrə fəlsəfə doktoru Zeynəb Qasımovanın müəllifi olduqları “Kəndimizə qayıdırıq” kitabının təqdimat mərasimi zamanı da azərbaycanlıların tarixi yurdları haqqında, o cümləədn ermənilərin burada törətdikləri vandalizm haqqında məlumatları dinlədik. Kitabda isə İrəvan xanlığının Zəngibasar mahalının Yuxarı Necili kəndindən bəhs olunur. “Kəndimizə qayıdırıq" kitabında Qərbi Azərbaycanın kənd həyatını, tarixi, sosial və mədəni aspektlərini hərtərəfli şəkildə araşdırılır. Nəşrdə Yuxarı Necili kəndinin yaranma tarixi, kənddə mövcud olmuş tayfalar və onların cəmiyyətin formalaşmasındakı rolu, bu elin folkloru, milli dəyərləri, adət-ənənələri və inkişafı tarixi faktlarla diqqətə çatdırılır. Kitabda həmçinin kəndin II Dünya müharibəsi dövrü, sakinlərin deportasiyası, eləcə də I və II Qarabağ müharibələrində kənd sakinlərinin qəhrəmanlığı barədə məlumat verilir. Bundan əlavə, oxucular bu kitab vasitəsilə Necili kəndinin yetirdiyi ziyalılar və milli qəhrəmanlar, alim və siyasi xadimlər haqqında da bilgi ala bilərlər. Bu kəndin sakinləri də doğma yurdlarına qayıdacaqlarına inanırlar.

Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyasını qəbul edilib. Konsepsiyada qayıdışla bağlı əsas məqsəd və prinsiplər müəyyən edilib. Görünən odur ki, Qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanı çox ciddi şəkildə narahat edir. Əgər belə olmasaydı, bu ölkənin rəsmilərində, həm də erməni cəmiyyətinin müxtəlif nümayəndələrində bu  mövzu təşviş yaratmazdı. Amma onların nə deməsindən asılı olmayaraq, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı mütləq gerçəkləşməlidir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir. Ermənistanın Qərbi Azərbaycan İcmasından qorxmasının əsas səbəbi də budur. 

Konsepsiyada əks olunduğu kimi Qərbi azərbaycanlılar “Ermənistan Respublikası” adlanan ölkədən zorla qovulduqları üçün onun  konstitusion çərçivəsinin və milli və hüquqi xarakterinin formalaşması prosesində iştirak imkanından məhrum ediliblər. Təəssüf ki, belə bir işğalçı, azərbaycanlıları öz yurdlarından zorla qovan dövlət BMT-nin üzvüdür. Ermənistanın BMT-nin Nizamnaməsi daxil olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə qoşulmuş olması bu ölkənin üzərinə onun ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq daxil olmaqla onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur.

Seçilən
1
yeniazerbaycan.com

1Mənbələr