Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk ayında Azərbaycanda 9 milyard 430 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,9 faiz azalma deməkdir.
Azərbaycan ümumi daxili məhsulunda azalmanın səbəbi nədir?
FED.az xəbər verir ki, bu suala Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında aydınlıq gətirib.
Onun sözlərinə görə, ÜDM-də azalmanın əsas səbəbi neft-qaz sektorunda hasilatın aşağı düşməsidir:
"Belə ki, bu ilin ilk ayında neft-qaz sektorunda əlavə dəyər 4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1 faiz artıb. Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb. Bütövlükdə isə, neft-qaz sektorunda sənaye 4,5 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 9,9 faiz artıb".
"2025-ci ilin ilk ayında ÜDM-də azalmanın qeydə alınmasına rəğmən, iqtisadi artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənir. ÜDM-də azalmaya rəğmən, qeyri-neft-qaz sahəsindəki 9,9 faiz artım bu il qeyri-resurs sektorunun iqtisadi artımda drayver olacağından xəbər verir.
Neft-qaz sənayesindəki azalma, həmçinin, mövsümi faktorlarla bağlıdır. Bu baxımdan, 2025-ci il üçün proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir", - deyə o qeyd edib.