Müasir dünyada məqsədli şəkildə yaradılan fondlar, humanitar və yaxud donor təşkilatlar çox təəssüf ki, təyinatından kənar sahələrə maliyyə dəstəyi göstərirlər. Əsasən hegemon dövlətlərin nəzarətində olan belə institutların hədəfi inkişaf etməkdə olan, yaxud ipə-sapa yatmayan dövlətllər olur. Həmçinin belə təşkilatlar bəşəriyyət üçün təhlükəli olan silah qaçaqmalçılığı, insan alveri və narkotik maddələrin yayılmasında maraqlı olurlar. Belə təşkilatlardan biri də USAİD-dir ki, onun da biləvasitə Amerika Birləşmiş Ştatlarının nəzarətində olduğu məlumdur. Özünə müstəqil qurum donu geyindirən USAİD əslində dövlət agentliyi olaraq ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasına tabedir. Onun rəhbəri və müavinləri ABŞ Senatının razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin olunur. Deməli, qurum sifarişi də bəlli mənbələrdən alır.
USAİD-in çirkin fəaliyyəti ifşa edildikdən sonra onun dövlət tərəfindən ayrılan vəsaitin ən müxtəlif sahələrə ayırması ortaya çıxdı. Məlum olan odur ki, dövlət nəzarətində olan donor təşkilatı vasitəsilə büdcə vəsaitini havaya sovurur. Məlumat üçün qeyd edək ki, 2024-cü maliyyə ilində USAİD layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAİD xətti ilə 335 milyard dollar xərclənib. Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.
Təsadüfi deyil ki, ABŞ prezidenti Tramp USAİD-i "görünməmiş miqyasda korrupsiyada" ittiham edib, Mask isə USAİD-i "cinayətkar təşkilat" adlandırıb və bildirib ki, bu qurumun "ölməyinin vaxtıdır". USAİD-in "Əl-Qaidə" təşkilatı üçün 10 min porsiya yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi, Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığı və digər proqramlara dəstək verməsi qurumun çirkin fəaliyyətini ortaya qoyur.
Artıq Donald Tramp sözügedən qurumun fəaliyyətinin dayandırılması məsələsini gündəmə gətirib. USAİD-in ifşası zamanı üzə çıxan faktlar təftiş edilir, onun dünya üzrə maliyyələşdirdiyi nüfuzlu mediaların fəaliyyəti dayandırılır. Son məlumata görə, bu istiqamətdə qəti qərar qəbul edilib və USAİD-in maliyələşdirdiyi bir sıra media orqanlarının fəaliyyətinə xitam verilib. Səbəb isə həmin media subyektlərinə ayrılan maliyyənin dayandırılmasıdır.
Alim