Çempionlar Liqasının “Brügge” ilə 1/16 final oyunu “Atalanta”nın xorvat mərkəz yarımmüdafiəçisi Mario Paşaliç üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, cütün ilk oyununda “Atalanta”nın 1:2 hesablı səfər məğlubiyyəti mənzərəsində, Paşaliç komandasının yeganə qoluna imza atmaqla, Berqamo klubunun mötəbər yarış çərçivəsində qolçuluq rekordunu təkrarlayıb.
İndi Paşaliçin hesabında Çempionlar Liqasında “Atalanta” üçün vurduğu 7 qol var. Xorvat futbolçu daha əvvəl kolumbiyalı hücumçu Duvan Sapata və sloven yarımmüdafiəçi Yosip İliçiçin imza atdıqları qolçuluq nailiyyətini təkrarlayıb. Göründüyü kimi, Paşaliç Çempionlar Liqasında daha bil qol vuracağı halda, qitənin ən mötəbər klub yarışı tarixində “Atalanta”nın ən sərrast qolçusu ünvanına sahib olacaq.
Mario Paşaliç futbola QOŞK klubunda qədəm qoyub, buradan Split “Hayduk”una yol taparaq, böyük futbolda debüt edib. Paşaliç karyerası ərzində “Çelsi”, “Elçe”, “Monako”, “Milan” və Moskva “Spartak”ında çıxış edib.
“Atalanta” Paşaliçi 2020-ci ilin sentyabr ayında 14,50 milyon avro məbləğ müqabilində “Çelsi”dən tamhüquqlu əsasda Berqamo klubunu düşərgəsinə qatıb. Paşaliçin “Atalanta” ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Paşaliç “Atalanta” üçün bütün yarışlarda 33 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Paşaliçin “Atalanta”nın heyətində çıxışının ümumi mənzərəsi 284 oyun, 58 qol və 38 məhsuldar ötürmədən ibarətdir.
Mario Paşaliç 2014-cü ilin sentyabr ayında debüt etdiyi Xorvatiya yığmasının heyətində 72 oyun keçirib, 10 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.
Mario Paşaliçin qənimətlər muzeyində “Milan”la qazandığı İtaliya Super Kuboku (2016/2017) və “Atalanta” ilə qazandığı Avropa Liqası (2023/2024) var.
“Transfermarkt” internet-portalı 30 yaşlı xorvat mərkəz yarımmüdafiəçinin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.