Moldova hökumətinin qərarı ilə ölkədəki Rusiya Elm və Mədəniyyət Mərkəzi (Rus Evi) bağlanacaq. Fevralın 13-də Moldova Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, müvafiq qərar Rusiyanın hücum təyinatlı pilotsuz uçuş aparatının ölkənin hava məkanını pozmasına cavab olaraq qəbul edilib.
Moldova XİN 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişini birtərəfli qaydada denonsasiya etmək qərarına gəlib. “Müqavilənin ləğvi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi ölkəmizdə fəaliyyətini dayandıracaq”, – XİN-in bəyanatında deyilir.
Daha əvvəl Moldova prezidenti Maya Sandu bildirib ki, Rusiyaya məxsus dronların Ukraynanın Odessa vilayətinə hücumu zamanı onlardan ikisi Moldova ərazisinə daxil olub və partlayıb. Partlayış nəticəsində ölən və yaralananlar olmayıb.
Bu gün, fevralın 13-də Rusiya səfiri Oleq Ozerov təcili Moldova XİN-ə çağırılıb. Ona pilotsuz uçuş aparatının qalıqları göstərilib.