AZ

İnqilablar adasının sonu: USAİD-in fəaliyyətində kardinal dəyişiklik gözlənilir


Bu dəyişiklik isə bütün dünyanın hiss edəcəyi səviyyədə olacaq

Ötən uzun illər ərzində ABŞ vergi ödəyicilərinin pulları USAID-in korrupsiya yeminə çevrilib, Bayden-Blinken Administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub. Azərbaycan-ABŞ münasibətlərinin itirilmiş illərinə çevrilən Bayden-Blinken dövründə Azərbaycan cəmiyyətində USAID-in ölkədən qovulması, fəaliyyətinin dayandırılması ilə əlaqədar çağırışlar, ictimai qəzəb də artan xətt üzrə güclənib. Çünki USAID qrantları Azərbaycanda da ənənəvi, milli-mənəvi dəyərlərə təhqir mahiyyəti daşımaqla, ABŞ-nin bölgədəki imicinə və strateji maraqlarına zərbə vurub. 

Faktlar göstərir ki, 1991-ci ildən USAID Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar hazırda aktiv olan 17 milyon dollarlıq ABŞ-ın müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir. ABŞ hökumətinin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) seçkilərə təsir göstərməkdə çox fəal iştirak edib. Mask vurğulayıb ki, USAID seçkilərə təsir etmək üçün “şübhəli vasitələrdən” istifadə edib: “USAID-in gördüyü işlərin çoxu seçkilərə təsir etmək, yoxlamalara tab gətirməyən şübhəli üsullarla seçkilərə təsir etmək məqsədi daşıyırdı. İnvestisiya gəliri baxımından deyərdim ki, ümumiyyətlə, həmişə çox yaxşı olmayıb. Agentlik səriştəsiz və çox korrupsionerdir”. O, təfərrüatları açıqlamayıb və söhbətin hansı ölkələrdən getdiyini bildirməyib. Xatırladaq ki, ötən həftə administrasiya ABŞ-nin xarici yardımlarını dondurub. Mask USAID agentliyini Çin laboratoriyasını maliyyələşdirməkdə ittiham edib. Amerikada iddia edilir ki, koronavirus məhz bu laboratoriyadan yayılıb. İlon Mask bunlarla bağlı müvafiq bəyanatları öz "X" hesabında dərc edib. Bildirilib ki, Tramp hökuməti dünya miqyasında göstərilən on milyardlarla dollar həcmində yardımı dayandırmaqda israrlıdır. Donald Trampın elan etdiyi "Amerika hər şeydən əvvəl" xəttini həyata keçirməkdə israrlıdır və bu strategiyasını həyata keçirmək üçün USAID-dən başlayıb. 100-dən çox ölkədə fəaliyyət göstərən təşkilat 50 milyard dollardan çox büdcəyə malikdir. Bu təşkilat dünyada, xüsusilə postsovet məkanında müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışması, inqilablara sponsorluq etməsi ilə tanınıb. Agentlik Cənubi Qafqazda da bu siyasətini yeritməyə çalışıb. Qonşu Gürcüstanda baş tutmayan inqilab ssenarisində də bu təşkilatın xüsusi rolu olub. Tbilisi hakimiyyəti son açıqlamalarda bunu rəsmən təsdiqləyib. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "X"də USAID-in ölkədəki fəaliyyəti ilə bağlı tənqidi paylaşımında qeyd edib ki, USAID Gürcüstan-ABŞ dostluğunu gücləndirmək əvəzinə, hələ də düzəldilməyən bəzi ciddi səhvlərə yol verib. O vurğulayıb ki, şəxsən özü ABŞ Konqresini qəsdən edilmiş bu səhvləri araşdırmağa çağırıb, lakin heç bir nəticə əldə olunmayıb. Parlament sədri, xüsusilə, 2020-ci ildə keçirilən seçkilərdən sonra baş verən hadisələri xatırladaraq deyib ki, USAID tərəfindən maliyyələşdirilən ISFED adlı "QHT NDI" proqram təminatından istifadə edərək saxta nəticələr yayıb və seçkilərin saxtalaşdırıldığını iddia edib. Lakin sonradan "Gürcü Arzusu" Partiyası saxtakarlığı ifşa edib və ISFED də bunu etiraf edib. Papuaşvili iddia edib ki, USAID-in yerli nümayəndəsi Adam Şmidt ISFED məlumatlarının audit edildiyini və heç bir səhvin olmadığını deyərək həm Gürcüstan hökumətini, həm də xalqı aldadıb. O, həmçinin həmin dövrdə ABŞ-nin Gürcüstandakı səfirini də ittiham edərək səfirin böyük ehtimalla məsələdən xəbərdar olmasına baxmayaraq, susduğunu bildirib. USAID analoji fəaliyyətini illər öncə Azərbaycanda da həyata keçirməyə çalışıb, lakin cəhdləri baş tutmayıb. Belə ki, təşkilat müxtəlif qrant və ianələr hesabına Azərbaycanda öz planlarını reallaşdırmağa cəhd göstərib. USAİD-in ən böyük qərəzi və riyakarlığı ondadır ki, onun rəhbərləri Bakıda səfərdə olarkən Ermənistandan - tarixi torpaqlarından qovulmuş 300 minə yaxın qərbi azərbaycanlının heç biri ilə görüşməyib. Qurum onlara heç bir yardım etməyib. Qərb siyasi institutları sırasında yer alan USAID heç vaxt Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün səy göstərməyib. 1991-ci ildən USAlD "Azərbaycana dəstək" proqramlarına 450 milyon dollardan çox vəsait sərf etsə də, Gürcüstana 1,8 milyard, Ermənistana isə 1992-ci ildən bəri 3,3 milyard dollar sərmayə yatırıb. Hazırda 22 layihə üzrə İrəvana dəstək davam edir. Hesab edirik ki, adıçəkilən təşkilata ən böyük qiyməti Prezident İlham Əliyev verib. O, 2024-cü il dekabrın 18-də “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bu məsələyə toxunub. Bir faktı da qeyd edək ki, USAID-in Azərbaycana qarşı qərəzi, xüsusilə, 2023-cü ildən sonra, daha dəqiq ifadə etsək, ölkə öz suverenliyini bərpa etdikdən sonra start götürdü. Keçmiş Bayden administrasiyası tərəfindən ölkəmizə qarşı heç bir əsası olmayan təzyiqlər başladı, Azərbaycanı cəzalandırmaq üçün "907-ci düzəliş" ortaya atıldı. Yəni Bayden administrasiyası Azərbaycanı yardımlardan məhrum etməklə "cəzalandırmaq" istədi. Qeyd edək ki, USAID-in direktoru ermənipərəst Samanta Pauer adlı xanımdır. O, dəfələrlə separatçılara dəstək verməsi ilə tanınır. Bu xanım bir dəfə iddia edib ki, Azərbaycanı tərk etmiş könüllü ermənilərin sayı 100 mindən çoxdur. Azərbaycan da dəfələrlə USAID-lə bağlı rəsmi səviyyədə narazılığını ifadə edib. Məsələn, xarici işlər naziri Ceyhun Bayramov “Biz bir daha şahid olduq ki, USAID-in yardımları xoşniyyətli deyil. Ona görə də ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb” deyib. Trampın böyük ehtimalla təşkilata qarşı çıxmasının mühüm səbəblərindən biri də USAİD-in adının narkotik vasitələrin satışı və becərilməsində iştirakı ilə bağlıdır. Yayılan xəbərlərə görə, USAID Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verib. Onun Soros Fondu tərəfindən maliyyələşən prokurorlar qrupuna 27 mln. dollar ayırdığı barədə mediada xəbərlər yayılıb. USAİD bu vəsaitlər müqabilində hansı vətəndaşlar və siyasətçilərin təqib olunmasına dair istiqamətlər verib. 


Siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov deyib ki, USAID son iki ildə Azərbaycan-Ermənistan münasibətlərində tərəf tutmağa başlayıb, hökumətə qarşı ittihamlar səsləndirib. Onun dediyinə görə, USAID-in Azərbaycana qarşı qərəzli ittahamları əsasən, 2023-cü ilin sonunda, rəsmi Bakının Qarabağda birgünlük lokal antiterror əməliyyatı ilə ərazi bütövlüyünü bərpa etməsindən sonra başlayıb: 

"Həmin vaxt USAID-in rəhbəri Samanta Pauer deyib ki, bir günlük antiterror əməliyyatı nəticəsində "yüz mindən çox insan evlərini tərk etməyə, qonşu Ermənistana köçməyə məcbur olub". Halbuki, birgünlük antiterror əməliyyatından dərhal sonra Ermənistanın bas naziri Nikol Paşinyan bəyanat verdi ki, dinc əhaliyə qarşı heç bir zorakılıq olmayıb, sadəcə əhali Azərbaycanın yurisdiksiyasında yaşamaq istəməyərək Ermənistana köçüb. Həmin vaxt Azərbaycan hökuməti dinc əhaliyə erməni dilində müraciət eidi ki, onlar qalıb Azərbaycan vətəndaşlığını qəbul edib, burada yaşaya bilər. Lakin 20 nəfərdən başqa bunu heç kim qəbul etmədi. Samanta Pauer isə bu fikri ilə nədənsə, ermənilərdən daha cox erməni olmağa uğursuz cəhd göstərdi. Görünən odur ki, Tramp USAİD-in fəaliyyətini kardinal şəkildə dəyişməyi planlaşdırıb. Bu dəyişiklik isə bütün dünyanın hiss edəcəyi səviyyədə olacaq. Çünki, maliyyələşənlər arasında dövlətlər, səhiyyə sahələri, milyonlarla insanlar da var. Amerika daxilində də müəyyən qruplar bununla razı deyil. Fakt ondan ibarətdir ki, dünyada qeyri-sabitlik, inqilablar və sair, həm də USAİD kimi müxtəlif qurumlar tərəfindən həyata keçirilirdi. İnsan haqları, demokratiya, humanitar məsələlər adı altında həm də əlavə olaraq siyasi məsələlərlə konkret olaraq USAİD məşğul olurdu. Bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barəsində, guya ki, müstəqil araşdırmalar aparan USAİD faktiki olaraq şantaj, ikili siyasət, manipulyasiya ilə məşğul olurdu. Qarabağ ətrafında baş verənlərlə bağlı Samanta Pauerin atdığı addımlar hər kəsə məlumdur. Yaxud da, Ruben Vardanyanın Samanta ilə münasibətləri və yenə də bu istiqamətdə çirkin oyunlar, mafiyalar, hansısa agentura şəbəkəsi ilə əməkdaşlıq da hər kəsə məlumdur. Belə olan təqdirdə Azərbaycan hakimiyyəti vaxtında, uzaqgörən siyasət yürüdərək xarici fondlar, xarici qurumların, institutların, Azərbaycan daxilində bu və yaxud digər şəkildə öz maliyyə imkanları hesabına, daxili işlərinə qarışmasına imkan vermədi. Yaxın gələcəkdə də nə Amerika Birləşmiş Ştatlarının, nə də digər ölkələrin bu kimi maraq qruplarının ölkə daxilində iştirakına düşünürəm ki, icazə verilməyəcək".

Seçilən
37
6
sherg.az

10Mənbələr