ABŞ-ın məşhur “Forbes” jurnalı məlumat verib ki, dünyanın ABŞ-ın 180 ölkəsində fəaliyyət göstərən şirkəti “Chevron Corporation” xeyir-duası ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsrailə məxsus Tamar qaz şirkətin səhmlərinin 10 faizini satın alıb. Qiymət kommersiya sirri olduğundan açıqlanmayıb. Bu barədə jurnalda dərc olunan “Energy Cooperation Connects Israel With Islamic Nation” (Enerji Əməkdaşlığı İsraili İslam Xalqı ilə bir araya gətirir) adlı məqalə yer alıb. Məqalənin müəllifi Daniel Markind İsrail-Azərbaycan münasibətlərinin tarixinə varıb. Ölkəmiz haqqında xoş fikirlər qələm alıb.
Ən maraqlısı odur ki, Azərbaycan həmin məqalədə məhz türk dövləti kimi təqdim olunub. Özü də təkcə Azərbaycan yox, Qazaxıstan da türk dövləti adlandırılıb. Niyə bu önəmlidir? Çünki Amerika auditoriyası Türk dünyası haqqında kifayət qədər məlumatlı deyil.
O da vurğulanıb ki, Azərbaycan Türkiyə ilə İsrail arasındakı münasibətlərin tənzimlənməsində xüsusi rol oynayır. Bəziləri deyir ki, İsrail-Azərbaycan və Türkiyə gözəgörünməz üçbucaqda yer alır. Qəzza müharibəsi zamanı da Türkiyə onun ərazisindən keçərək İsrailə ötürülən Azərbaycan neftinin satışına əngəl törətmədi.
“Chevron Corporation” nəhəng şirkətdir. Tamarda da əsas paya sahibdir. Belə bir şirkətin SOCAR-a önəm verməsi sıradan bir məsələ deyil. Artıq Azərbaycan “Chevron Corporation” və BP kimi şirkətlərin zəmanəti ilə ölkəmizdən kənarda da neft və qaz hasilatında oyunçuya çevrilib. Bəllidir ki, Türkiyə Afrikada xüsusi fəallıq göstərir. Bu qitə isə neft və qazla zəngindir. Heç şübhəsiz ki, Azərbaycan Türkiyə üzərindən də Afrikada neft və qaz hasilatına cəlb oluna bilər. Zatən bu proses başlayıb. Somalidə də neft və qaz var. Şübhəsiz ki, bu ölkənin prezidentinin Bakıya səfərində bu kimi məsələlərə də toxunulub...