AZ

''Adana Dəmirspor''dan ayrılan futbolçu Mertens ilə olan epizod haqda nə dedi?

Məlum olduğu kimi ötən həftəsonu Türkiyə çempionatında baş tutan ''Qalatasaray'' - ''Adana Dəmirspor'' oyunu hakimin uydurma penaltisi üzündən yarımçıq qaldı.

''Football-plus.az'' xəbər verir ki, qonaqlar hakimin qərarına etiraz əlaməti olaraq 30-cu dəqiqədə meydanı tərk etdilər. Penalti epizodunun baş qəhrəmanı isə Semih Gülər ilə Dris Mertens oldu. Semih Gülər artıq 2018-dən bu yana şərəfini qoruduğu ''Adana Dəmirspor''un üzvü deyil.

Təcrübəli müdafiəçi həmin oyundan bir gün sonra ''Qaziantep''ə transfer olundu. 30 yaşlı futbolçu türkiyəli həmkarlarımıza açıqlamalar verib.

''Qaziantep''ə keçidi, həftəsonu ''Sivasspor''a qarşı keçirəcəkləri oyun və Mertens ilə qalmaqallı epizod barədə danışan Gülər bunları deyib: ''Futbolda bəzən özünü komandada həqiqətən də dəyərli hiss edirsən. Bu hiss puldan da, başqa şeylərdən də önəmlidi. ''Qaziantep'' mənə bunu hiss etdirdi. Bu üzdən bu kluba təşəkkür edirəm. Yeni komanda yoldaşlarımın bəzilərini əvvəlcədən tanıyırdım. Onlarla söhbətdə mənə həm şəhər, həm də klub barəsində gözəl şeylər söylədilər. Ona görə də həyat yoldaşımla birlikdə qərar verərkən çətinlik çəkmədik. Komandada səviyyəli futbolçular var. Bütün diqqətimizi ''Sivasspor''la oyuna yönəltmişik. Növbəti turlarda bizi daha çətin rəqiblər gözləyir. Həmin çətin dönəmə qədəm qoymamışdan öncə turnir cədvəlində bir qədər irəliləyə bilərik. 3 xal qazanmaq üçün əla fürsətdi. Mertenslə olan epizoda gəlincə, mən tərəfdən deyiləcək və ya əlavə ediləcək bir şey yoxdu. Görüntüləri izlədikdə hər şey bəlli olur. Hörmətli futbol şərhçiləri zatən öz fikirlərini bildiriblər. Ona görə də mənim bir söz deməyimə ehtiyac qalmır. O dəftəri bağlamışam. Artıq mənim üçün yeni səhifə açılır və ''Qaziantep''ə hər şeyimi vermək üçün burdayam. İnşallah bu macəram uğurlu alınar''.

ƏLİ
Seçilən
6
1
football-plus.az

2Mənbələr