Azərbaycan yaşayış yerlərini və canlı təbiəti kütləvi şəkildə məhv etdiyinə görə Ermənistandan tam təzminat tələb edir.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Azərbaycan tərəfi artıq Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinə "Bern Konvensiyası" əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. İddia sənədində Ermənistanın sözügedən konvensiyaya dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb.
Beynəlxalq hüquq üzrə ekspert Rahim Məmmədov da deyir ki, Ermənistan işğal altında saxladığı 30 il ərzində Azərbaycan ərazilərinə vurduğu zərərə görə təzminat ödəməlidir.
Ekspertin sözlərinə görə, Arbitraj Məhkəməsində Azərbaycana vurulmuş zərərin ödənilməsi proritet məsələdir. Bu sahədə Azərbaycan kifayət qədər sübutlara malikdir və bu sübutların əsaslı təqdim olunması xeyli üstünlük qazandıra bilər. Çünki Arbitrajın qəbul edəcəyi qərar mübahisədə iştirak edəcək tərəflər üçün yekundur. O bildirib ki, Avropa ölkələri də Ermənistana siyasi təzyiq göstərməlidir.
Ekspert həmçinin qeyd edib ki, digər region ölkələri də bu məsələlərə müdaxilə etməlidir. Çünki Oxçuçay vasitəsilə zəhərli sular və kimyəvi vasitələr Ermənistandan birbaşa Xəzər dənizinə axıdılır. Məsələnin həllində beş xəzərsahili dövlətlər də maraqlı olmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.