Paytaxt yolları çoxdan böyük avtomobil axınının öhdəsindən gələ bilmir və tez bir zaman içində problem həll olmazsa, yaxın gələcəkdə Bakı ətrafında gediş-gəliş tamamilə dözülməz hala düşəcək. Bu günlərdə ölkə prezidenti İlham Əliyev “Bakı şəhərində və ona bitişik ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nı qəbul edib. Bu proqramla nəqliyyat problemlərinin - piyada zonalarının artırılması, tramvayların geri qaytarılması, dəmir yolu nəqliyyatının inkişafı - öz həllini tapacağı gözlənilir. Artan ictimai marağa səbəb olan yeniliklərdən biri də dövlət, təhsil və tibb müəssisələrinin, eləcə də digər hüquqi və fiziki şəxslərin çevik iş qrafikinə keçidi ilə bağlı qərardır. Bu keçidin 2025-2026-cı illərdə başa çatdırılması planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq Tədbirlər Planının hazırlanmasına başlayıb.
Ekspertlər əmindirlər ki, bu tədbir paytaxtda tıxacları aradan qaldıra bilər. Hesab edilir ki, işəgötürənləri də cəlb etməklə çevik qrafikə keçidi müzakirə etmək, sonra isə müvafiq təkliflər hazırlamaq lazımdır. Beləki bəzi müəssisələrdə iş vaxtının dəyişdirilməsi mümkündür. Ancaq bu əsasən iri müəssisələrə uyğundur.
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev açıqlamasında uzun müddətdir paytaxtın nəqliyyat problemlərini, o cümlədən tıxacların səbəbini araşdırdığını bildirib.
F.Əliyev hesab edir ki, çevik qrafikə keçid əksinə, yollarda vəziyyəti çətinləşdirə bilər:
“Əgər müvafiq qurumların əməkdaşlarının dərs və iş qrafikini dəyişsək, bu, pik saatların sayını artırar. İndi şəhərdə səhər bir-iki saat, axşam isə eyni miqdarda tıxac qalırsa, o zaman tıxac üç-dörd saat davam edəcək. Eyni zamanda, uzaqdan məşğulluğun inkişafını stimullaşdırmaq mümkündür. Lakin bir çox sahələrdə onun tətbiqi məlum səbəblərdən mümkün deyil. Hesab edirəm ki, tıxaclarla mübarizə üçün ən yaxşı variant bəzi qurumların şəhərdən kənara köçürülməsi və ya paytaxtın başqa şəhərə köçürülməsi, yaxud mühüm qurumların iki şəhər arasında paylanması olardı”.
Ekspert paytaxtın geniş prospektləri və küçələri olan Astanaya köçürüldüyü Qazaxıstan təcrübəsini xatırladaraq, bildirdi ki, yeni paytaxt nəinki əvvəlkindən geri qalmır, hətta müəyyən mənada onu üstələyir:
“Mən və digər ekspertlər dəfələrlə bizdə də oxşar yeniliyi etməyi təklif etmişik. Amma nəzərə alınmalıdır ki, bu, bahalı işdir və hazırda ölkənin bütün səyləri Qarabağın bərpasına yönəlib. Bununla belə, düşünürəm ki, böyük universitetləri tədricən şəhərdən kənara köçürmək, orada bütün lazımi infrastruktura malik müasir universitet şəhərcikləri tikmək olar”.
F.Əliyev Elm və təhsil naziri Emin Əmrullayevin universitetlərin köçürülməsi üçün müvafiq strukturlarla iş aparılması, Bakının mərkəzində yerləşən ali məktəblərdə 15-20 minə yaxın tələbə və müəllim olduğu, eyni zamanda bir çox valideynlərin öz övladlarını avtomobillə məktəbə aparıb-gətirməsi səbəbindən xüsusilə ümumi təhsil müəssisələrinin yaxınlığında tıxac yaranması, Dövlət proqramında məktəbli avtobuslarının istifadəyə verilməsinin nəzərdə tutulması kimi fikirlərinə də diqqət çəkib:
“Məktəbli avtobusları bir sıra ölkələrdə, məsələn, ABŞ-da fəaliyyət göstərir. Amma şəhərin mərkəzlərində heç bir məktəb yoxdur. Əslində bu sistemin necə işləyəcəyi və nə qədər sərfəli olacağı bizə aydın deyil”.
F.Əliyev bununla yanaşı tıxac yaradan səbəblərdən birinin də bəzi yollarda dönməkdə çətinlik çəkən iritutumlu avtobusların hərəkəti ilə əlaqələndirib:
“Daha bir narahatedici məsələ bir çox uşağın niyə şəhərin digər tərəfində yerləşən məktəblərə getməsidir. Yəni səbəblərdən biri də evə yaxın məktəbdə təhsilin istənilən səviyyədə olmaması və valideynlərin daha güclü, təkmil təhsil müəssisəsi seçməsi ola bilər. Deməli, bütün məktəblərdə təhsilin keyfiyyətini yüksəltmək lazımdır”.